Vatikan Papa XIV Leonun Cənubi Amerikaya səfərini təsdiqləyib
Vatikan Papa XIV Leonun ağciyər əməliyyatından sonra sağalma prosesinin müsbət getdiyini və onun noyabrın 6-17-də Uruqvay, Argentina və Peruya səfər edə biləcəyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Vatikanın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 13-də keçirilən əməliyyatdan iki həftə sonra Papanın vəziyyəti həkimlərin əvvəlki müsbət qiymətləndirmələrinə uyğun olaraq yaxşılaşmağa davam edir. Son tibbi müayinələr xəstəliyin məhdud olduğunu və əlavə onkoloji müalicəyə ehtiyac olmadığını təsdiqləyib.
Vatikanın açıqlamasına görə, Papa gündəlik fəaliyyətlərinə tədricən qayıdır, proqramını həkimləri ilə məsləhətləşərək planlaşdırır və kifayət qədər istirahət edir. Onun həkimi Luici Karbone qarşıdakı Cənubi Amerika səfərinə mane olacaq tibbi səbəbin olmadığını bildirib.
Papa XIV Leo səfərlə bağlı açıqlamasında həyatının mühüm anlarını keçirdiyi qitəyə qayıtmağı səbirsizliklə gözlədiyini deyib. O, 1980-1990-cı illərdə, eləcə də 2015-2023-cü illərdə Perunun Çiklayo şəhərində fəaliyyət göstərib.
Xatırladaq ki, Papa oktyabrın 13-də 90 dəqiqə davam edən əməliyyat keçirib. Müdaxilə zamanı onun sağ ağciyərinin aşağı payı çıxarılıb. Əməliyyatdan sonra aparılan histoloji müayinə ağciyər adenokarsinoması diaqnozunu təsdiqləyib.
XIV Leo oktyabrın 17-də Gemelli xəstəxanasından evə buraxılıb. Oktyabrın 21-də Vatikan əlavə müalicəyə ehtiyac olmadığını açıqlayıb.
04:30 27.10.2026
Oxunuş sayı: 63