Azərbaycanda ət bahalaşacaq? Açıqlama
Dünyanın müxtəlif ölkələrində ərzaq qiymətlərinin, xüsusilə də ətin bahalaşması qlobal qida bazarında yeni təzyiqləri gündəmə gətirib. Ət qiymətlərinə təsir edən əsas amillər arasında heyvandarlıq xərclərinin artması, yem və enerji qiymətləri, iqlim dəyişiklikləri, heyvan xəstəlikləri və bəzi ölkələrdə təklifin azalması göstərilir. Qlobal bazarda yaranan bu dəyişikliklər idxaldan asılı ölkələr üçün də qiymət risklərini artırır. Bu baxımdan beynəlxalq bazarlardakı bahalaşmanın Azərbaycan bazarına mümkün təsirləri də diqqət çəkir.
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, son illərdə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayında azalma müşahidə olunur və bu tendensiya qiymətlərə təsir göstərir:
“Qlobal miqyasda bu məsələnin müxtəlif səbəbləri var. Hər ölkənin müxtəlif səbəbləri var. Azərbaycanda ən böyük səbəbi iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayının kəskin azalmasıdır. Yəni bizdə iribuynuzlu mal-qaranın sayı son 5 ildə 230 min, 240 min azalıb. Xırdabuynuzlu mal-qaranın sayı isə, yəni qoyun və keçi sayı 2 milyondan çox azalıb. Bu azalma meyli dayanmır. Və azalma meyli də qiymətlərə təsir göstərir. Təbii olaraq əhali artır, az tempdə də olsa artır, amma mal-qaranın sayı azalırsa, təbii olaraq qiymətlər də yüksəlir”.
N.Cəfərli əlavə edib ki, yem qiymətlərinin və logistika xərclərinin artması, eləcə də tənzimləmə mexanizmləri ilə bağlı müdaxilələr də qiymətlərə təsir edən amillər sırasındadır:
“Bundan başqa, təbii ki, yem qiymətlərinin artması, logistikanın bahalaşması, bütün bunlar, artıq tənzimləmə aktlarının olması, yəni kənardan müdaxilə olunan qurumların yaradılması, bütün bunlar, təbii ki, qiymətlərə təsir göstərən əsas amillərdir”.
Nigar Xəlilli
12:30 07.09.2026
Oxunuş sayı: 47