Səhiyyə Nazirliyindən xanımlara VACİB XƏBƏRDARLIQ
“Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır”.
Crossmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi bildirib.
Gigiyenist bildirib ki, istehlakçıda məhsulun təhlükəsizliyi ilə bağlı şübhə yarandıqda satıcıdan həmin məhsula aid gigiyenik sertifikatın təqdim edilməsini tələb etmək hüququna malikdir:
“Kosmetik vasitələr birbaşa dəri ilə təmasda olduğu üçün yanlış seçim ciddi allergik reaksiyalara və ya dəri xəstəliklərinə səbəb ola bilər. Qablaşdırmanın üzərində istehsal və son istifadə tarixləri aydın oxunmalıdır. Son istifadə tarixi silinmiş məhsulları qətiyyən almayın.
Məhsulun qablaşdırması üzərindəki “açıq krem qabı” şəkli və onun içərisində göstərilən “6M” və ya “12M” kimi işarələr, məhsulun qapağı açıldıqdan sonra neçə ay ərzində təhlükəsiz istifadə oluna biləcəyini göstərir. Məhsul alarkən onun tərkibinə də diqqət yetirmək vacibdir. Tərkibində metilparaben, propilparaben kimi qoruyucuların və xüsusilə şampunlarda istifadə olunan SLS/SLES (sulfat) maddələrinin olmamasına və ya minimum səviyyədə olmasına üstünlük verilməlidir.
Sintetik ətir qatqıları həssas dərili insanlarda allergik reaksiyalar və qızartı yarada biləcəyindən məhsulun tərkibi etiketin sonunda diqqətlə oxunmalıdır. Ucuz və saxta dodaq boyası və göz kölgələrinin tərkibində normadan artıq qurğuşun və civə kimi ağır metallar ola bilər ki, bu da zamanla orqanizmə mənfi təsir göstərər. Mağazada məhsulların birbaşa güclü işıqlandırma və ya istilik mənbəyinin altında saxlanılmadığına əmin olun. İstilik kosmetikanın kimyəvi strukturunu pozur və vaxtından əvvəl yararsız edir”.
O.İsmayılov həmçinin qeyd edib ki, makiyaj və kosmetik vasitələri başqası ilə paylaşmaq və ya başqasının kosmetik vasitələrindən istifadə etmək qətiyyən olmaz:
“Bu vasitələr tamamilə şəxsi gigiyena əşyalarıdır və onların ortaq istifadəsi ciddi sağlamlıq riskləri yaradır. Makiyaj məhsullarının paylaşılması bakteriya, virus və göbələklərin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Başqasına məxsus tuş, göz qələmi və ya göz kölgəsi fırçalarının istifadəsi konyunktivit və demodekoz kimi göz və dəri infeksiyalarının yayılmasına səbəb ola bilər.
Dodaq boyası, dodaq parıldadıcısı və dodaq qələmlərindən ortaq istifadə herpes virusunun ötürülmə riskini artırır. Tonal krem süngərləri və makiyaj fırçalarının paylaşılması isə dəridə olan yağ və bakteriyalar yayaraq, infeksion sızanaqların yaranması ilə nəticələnir.
Xüsusilə tuş, göz qələmi, dodaq boyası, dodaq balzamı, tonal krem süngərləri və makiyaj fırçalarının paylaşılması qətiyyən tövsiyə olunmur. Sıxılmış pudra və ya ənlik kimi məhsulların istifadəsi nisbətən az risk daşısa da, onlar yalnız təmiz və fərdi fırça ilə istifadə edilməlidir. Kosmetik vasitələrin paylaşılmaması ən təhlükəsiz seçim hesab olunur”.
11:21 07.09.2026
Oxunuş sayı: 56