TDT gizli planları üzə çıxarmaq üçün yaranıb - Sabir Rüstəmxanlı
Türk dünyasında siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi fonunda əməkdaşlığın yeni istiqamətləri Astanada müzakirə olunacaq. Sentyabrın 4-də keçiriləcək “Türk dünyası dialoqları: ortaq gələcək, ortaq vizyon” paneli TDT-nin 29-30 oktyabrda Ankarada keçiriləcək 13-cü Zirvə Görüşü ərəfəsində təşkil olunan panel seriyasının ilk tədbiridir. Müzakirələrdə təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm və texnologiya, müdafiə sənayesi, media və mədəniyyət sahələrində mövcud əməkdaşlıq və gələcək imkanlar nəzərdən keçiriləcək.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Crossmedia.az-a açıqlamasında bildirib ki, TDT türk respublikalarının öz potensialını daha yaxşı dəyərləndirməsi və milli maraqlarını qoruması baxımından mühüm platformadır:
“TDT yaranıb ki, bu regionda bizim çevrəmizdəki dövlətlərin Türk respublikaları və türk xalqları ilə bağlı olan gizli planlarını üzə çıxarsın, bu bölgədəki dövlətlərin və xalqların əzilməsinə, onların hüquqlarının pozulmasına imkan verməsin. Çünki ayrı-ayrılıqda Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda Rusiyanın təsiri güclüdür, eyni zamanda Azərbaycanda da bu təsir olub. Amma indi bir çoxunda həm tarixə, həm də öz mədəniyyətlərinə yeni baxış meydana çıxır, öz güclərini daha yaxşı dəyərləndirirlər. Sovet ideologiyası ilə yazılmış tarix kitabları və sonradan həmin xalqlar üçün uydurulmuş bəzi məqamlar sıradan çıxır və türk xalqları yaxınlaşırlar. Özlərinə verilən təbii ehtiyatlardan, coğrafi mövqelərindən və Avrasiyada, Şərqlə Qərb arasında tutduqları əlverişli mövqedən daha yaxşı istifadə etmək imkanları yaranır”.

S.Rüstəmxanlı qeyd edib ki, türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində yeni təşəbbüslərin ortaya çıxması gözlənilir:
“Bu respublikalar hər dəfə görüşəndə daha yeni proqramlar, daha yeni ideyalar meydana çıxır və bundan sonra da bu davam edəcək. İndi Azərbaycanla Türkiyə arasında vizasız, şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş var. Yəqin ki, bir müddət sonra digər Türk respublikalarında da bu şəkildə olacaq. Gələcəkdə bəlkə ümumi pul, ümumi pasport olacaq. İndi Türk dövlətlərinin ümumi bayrağı var. Ondan sonra başqa şeylər də olacaq”.
Partiya sədri vurğulayıb ki, türk dövlətləri arasında yaxınlaşmanın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur:
“Yaxınlaşmağın bütün imkanları var: təhsildə, mədəniyyətdə, keçmişə münasibətdə, keçmişin öyrənilməsində, gələcəyə doğru atılan addımlarda, mədəniyyətin inkişafında, yeni birgə filmlərin çəkilməsində, birgə teatr tamaşalarının qoyulmasında, ortaq dərsliklərin yaranmasında, universitetlər arasında tələbə mübadiləsində, turizmin qarşılıqlı şəkildə inkişafında və sair. Yaxınlığı gücləndirmək üçün sonsuz sayda imkanlar var və məncə, yol da, istiqamət də ora doğrudur”.
Nigar Xəlilli
18:15 04.09.2026
Oxunuş sayı: 46