Starmer parlamentdən istefa verir – seçki keçiriləcək
Böyük Britaniyanın keçmiş baş naziri Keir Starmer Holborn və St Pancras seçki dairəsindən deputat kimi istefa verəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Camden New Journal” bu barədə məlumat yayıb.
Starmer bildirib ki, 11 ildən sonra İcmalar Palatasını tərk etməyin vaxtı çatıb. Onun istefası nəticəsində Londondakı seçki dairəsində əlavə seçkilər keçiriləcək.
Keçmiş baş nazir bundan sonra diqqətini beynəlxalq məsələlərə yönəldəcəyini bildirib. Onun sözlərinə görə, əsas fəaliyyət istiqamətləri müdafiə, təhlükəsizlik, ticarət və sürətlə dəyişən dünyada texnologiya sahələri olacaq.
Starmer həmçinin qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Keir Starmer 2015-ci ildən Holborn və St Pancras seçki dairəsini parlamentdə təmsil edirdi. O, 2026-cı ilin iyulunda baş nazir və Leyboristlər Partiyasının lideri vəzifələrindən istefa verib. Onu bu vəzifələrdə Endi Börnham əvəzləyib.
Starmer daha əvvəl parlamentdə növbəti ümumi seçkilərədək qalacağını bildirsə də, sonradan qərarını dəyişib. O, bundan sonrakı fəaliyyətini beynəlxalq məsələlərə həsr etmək üçün deputat mandatından imtina etməyi məqsədəuyğun hesab etdiyini bildirib.
16:12 01.09.2026
Oxunuş sayı: 46