Məkkə Birgə Müdafiə Sazişinin ilk iclası İstanbulda keçirilib
Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası bu gün İstanbulda keçirilib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər iştirak ediblər. İstanbulda keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlıq, birgə istehsal, terrorla mübarizə və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Strateji Siyasi və Müdafiə Komitəsinin ilk toplantısı Beşiktaşdakı Çırağan Sarayında baş tutub. Görüşdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Toplantıya Türkiyə tərəfindən Hakan Fidan, Yaşar Gülər və Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Pakistan tərəfindən Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, müdafiə naziri Xavaca Məhəmməd Asif və Müdafiə Qüvvələri komandanı, Quru Qoşunları komandanı marşal Seyid Asim Münir, Səudiyyə Ərəbistanından isə xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud, müdafiə naziri şahzadə Xalid bin Salman bin Əbdüləziz Əl Səud və Baş Qərargah rəisi, ordu generalı Fəyyad bin Hamed Əl-Rüvayli qatılıblar.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif avqustun 7-də Məkkədə Birgə Müdafiə Sazişi imzalayıblar.
Sazişlə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının regionda və beynəlxalq arenada artan qeyri-sabitlik qarşısında birgə məsuliyyət və regional sahiblənmə anlayışı ilə hərəkət etməsi, təhlükəsizlik, sülh, sabitlik və rifahın təşviq edilməsi, eləcə də birgə çəkindirmə imkanlarının gücləndirilməsi hədəflənir.
15:49 31.08.2026
Oxunuş sayı: 46