Bu içkilər böyrəyinizi məhv edə bilər
Qazlı suyun sağlamlığa təsiri ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Xüsusilə qazlı suyun böyrəklərə zərər verdiyi, böyrək daşlarının yaranmasına səbəb olduğu barədə iddialara tez-tez rast gəlinir. Bununla yanaşı, qazlı su ilə şəkərli və qazlı içkilərin eyni kateqoriyada qiymətləndirilməsi də yanlış yanaşmalara səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, adi qazlı su ilə kola, fanta və digər şəkərli qazlı içkilərin orqanizmə təsiri eyni deyil. Qazlı suyun tərkibindəki karbon qazı onun xüsusiyyətlərinə təsir edən əsas komponentlərdəndir. Bununla belə, suyun mineral tərkibi və xüsusilə natrium miqdarı da nəzərə alınmalıdır. Həddindən artıq və müntəzəm istehlak bəzi insanlarda müəyyən narahatlıqlara səbəb ola bilər.
Mövzu ilə bağlı terapevt Şahvələd Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, qazlı suyun istehlakı ilə bağlı müxtəlif fərziyyələr mövcuddur.
“Qazlı suların tərkibinə karbon qazı vurulur. Qazlı suyun özünün bakterisid, yəni bakteriya əleyhinə, mikrob əleyhinə təsiri sübut olunmuşdur.
Qazlı suların böyrəklərə zərər verməsi haqqında ciddi fərziyyələr yoxdur. Sadəcə qazlı suyun tərkibindəki natrium miqdarı artıq olarsa, o sular böyrəklərə pis təsir edə bilər, arterial təzyiqin artmasına səbəb ola bilər, böyrək funksiyasının pozulmasına səbəb ola bilər. Əslində qazlı suyun həddindən artıq qəbulunun böyrək daşının yaranmasına elə bir təsiri yoxdur, belə bir fərziyyə yoxdur.

Qazlı sudan hazırlanmış digər məhsullara — Kola, Fanta və yaxud digər bu fonda hazırlanan məhsullara gəldikdə, bəli, bunlar orqanizmdə müxtəlif maddələr mübadiləsi pozğunluğuna, şəkər xəstəliyinin əmələ gəlməsinə, metabolik sindromun əmələ gəlməsinə və digər maddələr mübadiləsi pozğunluqlarına gətirib çıxara bilər.
Düzdür, mədə turşuluğu yüksək olan, hiperasid qastriti olan, mədə xorası olan xəstələrdə qazlı su qəbulu ziyanlı, ziyan verə bilər. Amma normal həyatını yaşayan insanlarda, əsasən də gənclərdə, qazlı suyun qəbulundan, güman edirəm ki, ara-sıra qəbul edildikdə elə bir ciddi problem yaranmaz. Müntəzəm qəbulundan, müntəzəm istehlakından isə müəyyən problemlər yarana bilər, yaşana bilər”.
Zeynəb Həsən
17:00 31.08.2026
Oxunuş sayı: 58