İstanbulda silah əməliyyatı: 120 tapança ələ keçirildi
İstanbulda silah qaçaqmalçılığına qarşı keçirilən əməliyyat zamanı 120 tapança və 120 patron darağı ələ keçirilib, 3 şübhəli saxlanılıb.
Crossmedia.az xəbər verir ki, İhlas Xəbər Agentliyi (İHA) bu barədə məlumat yayıb.
İstanbul Əmniyyət Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları şəhərə külli miqdarda silah gətiriləcəyi barədə məlumat əldə etdikdən sonra əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində avqustun 29-da saat 03:00 radələrində Kurtköy ödəniş məntəqələrində şübhəli avtomobil saxlanılıb. Avtomobildə olan B.İ. və S.K. nəzarətli şəkildə maşından endirilib.
Araşdırma zamanı həmin avtomobilin silahları daşıyan əsas avtomobilə öncülük etdiyi müəyyənləşdirilib.
Polis əməkdaşları silahların daşındığı avtomobili Pendikdəki yanacaqdoldurma məntəqələrindən birində müəyyən edib. Keçirilən əməliyyat nəticəsində avtomobilin sürücüsü S.E. saxlanılıb.
Avtomobildə aparılan axtarış zamanı 120 tapança və həmin silahlara aid 120 daraq aşkarlanaraq götürülüb.
Əməliyyat zamanı saxlanılan 3 şübhəlinin polis bölməsindəki istintaq-prosessual hərəkətləri davam etdirilir.
16:45 29.08.2026
Oxunuş sayı: 57