Azərbaycan-Rusiya münasibətləri YENİ SINAQ QARŞISINDA
Dünən Moskvada Azərbaycanın səfirliyi qarşısında aksiya keçirilib və aksiyanın məsuliyyətini “E. V. Limonovun Başqa Rusiyası” Partiyasının milli-bolşevikləri üzərinə götürüb. Aksiya iştirakçıları səfirliyin qarşısında şüarlar yazılmış plakatlar yerləşdiriblər.
Rusiyanın Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyinə qarşı törətdiyi bu insident Azərbaycan-Rusiya münasibətlərinin həssas mərhələsində ciddi narahatlıq doğurur. Diplomatik nümayəndəliklərin və onların əməkdaşlarının təhlükəsizliyinin təmin olunması beynəlxalq hüququn əsas tələblərindəndir. Bu baxımdan, hadisənin bütün təfərrüatlarının obyektiv şəkildə araşdırılması və məsul şəxslərin müəyyənləşdirilməsi vacibdir.

Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Rusiya münasibətlərində son dövrdə müəyyən fikir ayrılıqları və qarşılıqlı həssaslıq müşahidə olunur: “Belə bir şəraitdə istənilən təxribat xarakterli hadisə münasibətlərdə əlavə gərginlik yarada və tərəflər arasında etimada zərər vura bilər. Ona görə də həm Azərbaycan, həm də Rusiya tərəfi emosional yanaşmadan çəkinməli, hadisənin hüquqi müstəvidə araşdırılmasına və məsul şəxslərin müəyyənləşdirilməsinə şərait yaratmalıdır”.
A.Əlizadənin sözlərinə görə, Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlərin sabit və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirilməsi maraqları qorunur: “Hazırkı mərhələdə əsas məqsəd insidentlərdən siyasi qarşıdurma yaratmaq üçün istifadə etmək deyil, onları aradan qaldırmaq və Bakı-Moskva münasibətlərində qarşılıqlı etimadın bərpasına xidmət edən addımların atılması olmalıdır”.
Politoloq Abutalıb Səmədov isə açıqlamasında bildirib ki, Ukrayna rəsmilərinin Azərbaycana, Azərbaycan hakimiyyət nümayəndələrinin isə Ukraynaya səfərləri, həmçinin Kiyevə göstərilən humanitar yardım və səsləndirilən bəyanatlar Rusiyada narazılıqla qarşılanır: “Rusiya hesab edir ki, keçmiş ittifaq respublikaları onun istədiyi şəkildə davranmalı və istədiyi bəyanatları səsləndirməlidirlər. Təbii ki, bu, Rusiyanın hələ də normal dövlətə çevrilməməsini göstərir. Nə qədər ki Rusiya bu cür davranmaqda davam edəcək, təkcə Azərbaycanla deyil, digər keçmiş ittifaq respublikaları və qonşu dövlətlərlə münasibətlər də kifayət qədər gərgin olaraq qalacaq”.

Politoloq qeyd edib ki, Ukrayna müharibəsi Rusiyanın müttəfiqlərlə bağlı problemlərini də üzə çıxarıb. Onun sözlərinə görə, Rusiyaya əsas hərbi dəstəyi Şimali Koreya və İran göstərir və Moskva bundan nəticə çıxarmalıdır: “Bu səbəbdən bu hadisə və bu təxribat münasibətlərimizin bir az da soyumasına, gərginliyin daha da artmasına gətirib çıxaracaq. Rusiya özünü heç nə olmamış kimi aparacaq və son nəticədə ətrafdakı dövlətlərin Rusiyaya münasibəti bir az da soyuq olacaq”.
A.Səmədov hesab edir ki, Rusiya öz siyasətinə yenidən baxmasa, Azərbaycanla münasibətlərdə də soyuqluq davam edəcək. Bununla belə, o vurğulayıb ki, Azərbaycan Rusiya ilə normal münasibətlərin tərəfdarıdır: “Azərbaycan təbii ki, bunu istəmir. Rusiya bizim böyük qonşumuzdur və biz Rusiya ilə normal münasibətlərin tərəfdarıyıq. Ancaq nə qədər ki Rusiya normal dövlətə çevrilməyib, onunla normal münasibət qurmaq da çox çətindir”.

Fəlsəfə doktoru Faiq Ələkbərli açıqlamasında bildirib ki, Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyinə qarşı baş verən insidentin arxasında rəsmi Moskvanın dayandığını düşünür: “Azərbaycanı öz təsir dairəsində saxlamaq istəyən Rusiya Federasiyası son illərdə qonşu postsovet ölkələri ilə münasibətlərində ciddi problemlər yaşayır. Rusiya-Ukrayna müharibəsi davam edir, Rusiya-Ermənistan münasibətləri gərgindir. Zaman-zaman Rusiya-Gürcüstan, Rusiya-Baltikyanı ölkələr və Rusiya-Qazaxıstan münasibətlərində də ciddi problemlər yaşanır. Son dövrlərdə Moskva Azərbaycanı da öz təsir dairəsində saxlamaq üçün müxtəlif addımlar atır”.
Alim qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin tarixi keçmişinə nəzər saldıqda, bu əlaqələrdə Rusiyanın işğalçılıq siyasətinin mühüm izləri görünür. Onun sözlərinə görə, Çar Rusiyasının XVIII əsrdən etibarən Qafqaza, o cümlədən Cənubi Qafqaza doğru genişlənməsi regionda mövcud dövlətlərin işğalı ilə nəticələnib: “Azərbaycan artıq müstəqil dövlətdir və digər postsovet ölkələri də öz müstəqilliklərini əldə ediblər. Lakin Rusiya hələ də keçmiş imperiya siyasətindən tam şəkildə əl çəkməyib. Məhz bu yanaşma Azərbaycanla yanaşı, digər qonşu və postsovet dövlətlərlə münasibətlərdə də gərginliyin əsas səbəblərindən biridir”.
F.Ələkbərli bildirib ki, Rusiya işğalçılıq siyasətindən tamamilə imtina etməyənədək Moskvanın postsovet məkanındakı ölkələrlə münasibətlərində problemlərin davam etməsi mümkündür. O, bu fikrini Məhəmməd Əmin Rəsulzadənin 1920-ci il 27 aprel işğalından sonra səsləndirdiyi mövqeyə istinadla əsaslandırıb: “Rəsulzadənin ifadə etdiyi kimi, Rusiya kiçilib Moskva ətrafına çəkilməyənə qədər Rusiya-Azərbaycan münasibətlərində gərginlik və Rusiyanın təhdidləri davam edə bilər. Bunun yeganə yolu Rusiyanın işğalçılıq siyasətindən birdəfəlik əl çəkməsidir. Hələlik Kremldə bu siyasəti davam etdirmək istəyən qüvvələr kifayət qədərdir. Buna görə də regiondakı gərginliklərin arxasında Rusiyanın keçmiş imperiya və işğalçılıq siyasətindən tam imtina etməməsi dayanır”.
Nigar Xəlilli
20:50 28.08.2026
Oxunuş sayı: 64