Kral ailəsində illərin SİRRİ: gözlər Uilyam və Harridə
Britaniya taxtının varisi Şahzadə Uilyamla qardaşı Şahzadə Harri arasında illərdir davam edən gərgin münasibət Harrinin Britaniyaya qayıtması ilə yenidən gündəmə gəlib. Qardaşların münasibətlərində hər hansı dəyişiklik olub-olmayacağı maraq doğurur.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb. Bildirilib ki, Uilyam uzun müddətdir Harri ilə münasibətləri barədə açıq danışmaqdan çəkinir.
Harrinin ölkəyə qayıtması isə bu mövqeni yenidən sınağa çəkə bilər. Qardaşlar arasındakı gərginlik Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin əsas vəzifələrindən uzaqlaşaraq ABŞ-yə köçməsindən sonra daha da dərinləşib. Harrinin “Spare” (“Ehtiyat”) adlı memuarında ailədaxili münasibətlərdən və Uilyamla fikir ayrılıqlarından bəhs etməsi də diqqət çəkib.
Uilyam isə gələcək kral kimi daha müasir və cəmiyyətin dəyişən tələblərinə uyğun obraz formalaşdırmağa çalışır. O, ictimai kampaniyalarda psixi sağlamlıq, açıq ünsiyyət və insanın öz problemləri barədə danışmasının vacibliyini vurğulayır. Bununla belə, Uilyam və Harri arasında münasibətlərin əvvəlki vəziyyətə qayıtdığını göstərən ciddi əlamətlər yoxdur. Harrinin Britaniyaya qayıdışı qardaşların yenidən görüşüb-görüşməyəcəyi və münasibətlərin dəyişib-dəyişməyəcəyi ilə bağlı sualları artırıb. Hazırda Uilyamın uzunmüddətli səssizliyini pozub Harri ilə münasibətlər barədə danışıb-danışmayacağı məlum deyil.
05:42 28.08.2026
Oxunuş sayı: 54