“Siçan kralı” həqiqətən mövcuddur?
Siçanların quyruqlarının bir-birinə dolaşaraq ayrılmaz hala gəlməsi ilə bağlı “siçan kralı” fenomeninin nadir də olsa real ola biləcəyi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, “National Geographic” bu barədə məlumat yayıb.
“Siçan kralı” anlayışı ən azı XVI əsrdən məlumdur. Uzun müddət bu hadisənin əfsanə və ya saxtakarlıq olduğu düşünülüb. Lakin bəzi mütəxəssislərin apardığı araşdırmalar fenomenin həqiqətən baş verə biləcəyini göstərir. 2007-ci ildə aparılan araşdırmada 2005-ci ilə qədər 58 etibarlı “siçan kralı” hadisəsi müəyyən edilib. Onlardan yalnız altısının muzeylərdə qorunduğu bildirilir. Əksər hallar qara siçanlarda müşahidə olunub və əsasən soyuq iqlimli ərazilərdə qeydə alınıb.
Mütəxəssislərin fikrincə, siçanların quyruqları düyünlənməkdən daha çox müxtəlif yapışqan maddələrin təsiri ilə bir-birinə dolaşa bilər. 2021-ci ildə Estoniyanın cənubunda araşdırılan bir nümunədə 13 qara siçanın quyruqlarının gil, quş peyini, saman və lələklərdən ibarət qarışıqla birləşdiyi müəyyənləşdirilib. Rodentoloq Bobbi Korrigan da mövcud sübutları araşdırdıqdan sonra “siçan kralı” fenomeninin real, lakin olduqca nadir olduğu qənaətinə gəlib. Onun sözlərinə görə, siçanlar soyuq havalarda isinmək üçün sıx şəkildə bir yerə toplaşırlar. Bu davranış isə quyruqların bir-birinə dolaşmasına şərait yarada bilər.
Mütəxəssislər bu fenomenin qeyri-adi göründüyünü bildirsələr də, siçanların elmi tədqiqatlarda mühüm rol oynadığını vurğulayırlar.
01:12 28.08.2026
Oxunuş sayı: 52