Milyonçular yeməksiz qaldı: ABŞ-də elit klubda gözlənilməz böhran
ABŞ-nin Nyu-York ştatında zəngin və məşhurların üz tutduğu eksklüziv yaxt klubunda restoran xidməti xarici mətbəx işçilərinin ölkədən çıxarılması səbəbindən dayandırılıb.
Crossmedia.az xəbər verir ki, “New York Post” bu barədə məlumat yayıb. Amagansett şəhərində yerləşən “Devon Yacht Club” klubunda H2B vizası ilə çalışan bir neçə xarici aşpaz viza problemi səbəbindən ABŞ-ni tərk etməyə məcbur olub. Klub rəhbərliyi üzvlərə göndərdiyi məktubda mətbəx işçilərinin vizalarının yenilənməsi ilə bağlı problemin hələ də həll olunmadığını bildirib. Məlumata görə, yaranmış vəziyyətə sənədlərin təqdim edilməsində agent və ya hüquqşünas tərəfindən yol verilmiş səhv, yaxud ABŞ-nin immiqrasiya qurumunda baş vermiş inzibati problem səbəb ola bilər.
Klubun açıqlamasına əsasən, işçilər vizalarını yenidən əldə etmək üçün ən azı 60 gün müddətinə öz ölkələrinə qayıtmalı olacaqlar. Bu səbəbdən klub çərşənbə günü axşam yeməyi xidmətini ləğv edib. Cümə axşamı da tam restoran xidməti göstərilməyib və üzvlərə yalnız məhdud sayda qəlyanaltı təklif olunub. Klub restoran xidmətini cümə günü məhdud şəkildə bərpa etməyə ümid etdiyini açıqlayıb.
“Devon Yacht Club” 1908-ci ildə yaradılıb və yüksək gəlirli şəxslərin üzv olduğu qapalı məkan kimi tanınır. Klubun üzvlük üçün ilkin ödənişinin təxminən 100 min dollar olduğu bildirilir. Klubun keçmiş tanınmış qonaqları arasında Jaklin Kennedi Onassisin valideynlərinin də olduğu qeyd edilir. Klub son aylarda 35 milyon dollarlıq yenidənqurma layihəsi ilə bağlı üzvlər arasındakı mübahisələr və məhkəmə çəkişmələri ilə də gündəmə gəlib.
04:19 28.08.2026
Oxunuş sayı: 80