SpaceX taxtını itirir? – Anthropic liderliyə yüksəldi
Süni intellekt şirkəti Anthropic-in gözlənilən IPO-su (Initial Public Offering – şirkətin səhmlərinin ilk dəfə ictimai satışa çıxarılması) üzrə bazar gözləntiləri SpaceX-i geridə qoyub.
Crossmedia.az xəbər verir ki, “Wall Street Journal” bu barədə məlumat yayıb.
Proqnozlara görə, Anthropic-in 2026-cı ilin ən böyük IPO-suna imza atmaq ehtimalı 58 faiz, SpaceX-in isə 44 faizdir. İki həftə əvvəl SpaceX-in liderlik ehtimalı 90 faiz təşkil edib. Anthropic-in IPO-sunun oktyabr ayında keçirilməsi gözlənilir. Şirkətin birjaya çıxış zamanı 2 trilyon dollara qədər qiymətləndirmə əldə etməyi və 100 milyard dollara qədər vəsait cəlb etməyi hədəflədiyi bildirilir. Həmçinin Anthropic-in investorlarına 30 trilyon dollardan çox potensial gəlir proqnozu təqdim etməyi planlaşdırdığı qeyd olunur. Müqayisə üçün, SpaceX 1,7 trilyon dollar qiymətləndirmə ilə birjaya çıxıb və 85,7 milyard dollar vəsait cəlb edib.
Süni intellekt sektorunda IPO gözləntiləri yalnız Anthropic-lə məhdudlaşmır. OpenAI-nin də ən geci gələn il birjaya çıxmağı planlaşdırdığı və şirkətin IPO zamanı qiymətləndirməsinin 1 trilyon dolları keçə biləcəyi bildirilir. Anthropic və SpaceX süni intellekt sahəsində rəqib olsalar da, infrastruktur istiqamətində əməkdaşlıq edirlər. Anthropic bəzi iş yüklərini SpaceX-in törəmə şirkəti xAI-ın avadanlıqları üzərində işlədə bilir.
Nuray Mehtiyeva
03:48 28.08.2026
Oxunuş sayı: 79