"Kişi güclü olmalıdır" düşüncəsinə görə kişilər psixoloqa getmir
Qadınların kişilərə qarşı zorakılığı ilə bağlı ayrıca statistika məhdud olsa da, kişilərin də məişət və partnyor zorakılığının qurbanı olduğu məlumdur. BMT-nin məlumatına görə, 2024-cü ildə intim partnyor və ya ailə üzvləri tərəfindən öldürülən şəxslərin 11%-i kişilər olub. Bu halların daha çox gündəmə gəlməsi həm əvvəllər gizli qalan hadisələrin açıqlanması, həm də kişilərin zorakılıq barədə danışmağa daha çox başlaması ilə bağlı ola bilər.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Crossmedia.az-a açıqlamasında zorakı davranışların yaranmasına təsir edən amillərdən və kişilərin məruz qaldıqları zorakılığı niyə gizlətməsindən danışıb:
“Belə davranışlar adətən insanın uşaqlıq təcrübəsi, ailə mühiti, emosiyalarını idarə etmək bacarığı, münasibətlərdə yaranan gərginlik və sosial problemlərin qarşılıqlı təsiri nəticəsində meydana çıxır. Uşaqlıqda zorakılığa şahid olan və ya özü zorakılığa məruz qalan insan sonrakı həyatında aqressiv davranışı münaqişənin həlli üsulu kimi mənimsəyə bilər. Qəzəbi idarə edə bilməmək, impulsivlik, patoloji qısqanclıq, tərk edilmək qorxusu və qarşı tərəfə nəzarət etmək istəyi də zorakı davranış riskini artırır. Ancaq bu amillərin heç biri zorakılığa haqq qazandırmır”.
Psixoloq bildirir ki, zorakılıq yalnız fiziki müdaxilə ilə məhdudlaşmır və psixoloji təzyiq də ciddi nəticələrə səbəb ola bilər: “Davamlı təhqir etmək, alçaltmaq, hədələmək, şantaj etmək, sosial əlaqələri məhdudlaşdırmaq, telefonu yoxlamaq və maliyyə baxımından nəzarətdə saxlamaq da psixoloji zorakılığın formalarıdır. Təəssüf ki, belə davranışlar bəzən adi ailə mübahisəsi və ya qısqanclıq kimi qəbul edilir. Zorakılığın son dövrlərdə daha çox gündəmə gəlməsi isə mütləq şəkildə onun kəskin artdığı anlamına gəlmir. Əvvəllər ailə daxilində gizli saxlanılan hadisələr indi sosial şəbəkələr və media vasitəsilə daha tez ictimailəşir”.

E.Rüstəmov xüsusilə kişilərin zorakılıqla bağlı müraciətlərinin cəmiyyətin real mənzərəsini tam əks etdirməyə biləcəyini vurğulayıb: “Cəmiyyətdə mövcud olan ‘kişi güclü olmalıdır’ düşüncəsi, zəif görünmək, lağa qoyulmaq və ya ona inanılmamaq qorxusu kişilərin yardım üçün müraciət etməsinə mane olur. Buna görə də rəsmi müraciətlərin sayı problemin həqiqi miqyasını tam göstərməyə bilər. Zorakılığa məruz qalan şəxsin qadın və ya kişi olmasından asılı olmayaraq, hadisəyə ciddi yanaşılmalı, təhlükəsizlik riski varsa, ilk növbədə zərərçəkmiş şəxsin müdafiəsi, hüquqi və psixoloji yardımı təmin edilməlidir. Tərəfləri düşünülməmiş şəkildə barışdırmağa çalışmaq düzgün deyil. Məqsəd qadınlarla kişiləri qarşı-qarşıya qoymaq deyil, zorakılığın səbəblərini müəyyənləşdirmək, zərərçəkmiş şəxsi qorumaq və bu davranışın təkrarlanmasının qarşısını almaqdır”.
Nigar Xəlilli
15:00 27.08.2026
Oxunuş sayı: 51