Aldığınız məhsulun saxta olmadığını süni intellektlə yoxlaya bilərsiniz
Bazarda saxta məhsulların yayılması istehlakçıların həm maddi zərərə uğramasına, həm də keyfiyyətsiz məhsullarla qarşılaşmasına səbəb olur. Məhsulun orijinallığını müəyyənləşdirmək üçün qablaşdırma, ştrix-kod və digər detallara diqqət yetirmək mümkündür. Mütəxəssislər şübhəli məhsulla qarşılaşan istehlakçıların hüquqlarını qorumaq üçün sübutları toplamasının vacibliyini bildirirlər.

Marketinq üzrə mütəxəssis Nicat Manafov Crossmedia.az-a açıqlamasında bildirib ki, məhsulun saxta və ya orijinal olduğunu müəyyənləşdirmək üçün müxtəlif vasitələrdən istifadə etmək mümkündür: “Məhsulun xassələrini və digər məlumatları göstərən ştrix-kodlar olur. Saxta və ya orijinal məhsulu həm bu kodlar vasitəsilə, həm də qablaşdırılmasındakı fərqlərdən rahatlıqla müəyyən etmək mümkündür. Bu arada, məhsulun saxtalığını yoxlamaq üçün süni intellekt tətbiqlərinə də müraciət etmək olar. Məhsulun saxta olduğu aşkarlandıqdan və əldə müvafiq sübutlar olduqdan sonra satıcıya müraciət edilməlidir. İstehlakçı, təbii ki, sübutları təqdim edərək saxta məhsulu geri qaytarmaq və ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək hüququna malikdir. Əgər satıcı bununla razılaşmazsa, istehlakçı məhkəmə qaydasında iddia qaldırmalıdır. Məhkəmə tərəfindən ekspertiza təyin olunacaq və bundan sonra lazımi tədbirlər görüləcək. Yekunda alıcının ödədiyi pul geri qaytarılacaq. Proses bu şəkildə həyata keçirilir”.
Zeynəb Həsən
16:00 27.08.2026
Oxunuş sayı: 55