Sosial mediada “Paylaşmama” dövrü başlayır
Sosial media platformları reklamlar, təkrarlanan videolar və süni intellektlə hazırlanmış məzmunlarla əvvəlkindən daha səs-küylü görünsə də, istifadəçilərin, xüsusilə gənclərin şəxsi paylaşımları azalır.
Crossmedia.az xəbər verir ki, qlobal miqyasda aparılan geniş araşdırmaya əsasən, sosial mediadan istifadə təxminən 10 faiz azalıb. Bu tendensiya “Posting Zero” (“Heç nə paylaşmamaq”) adlandırılır. İnsanlar platformalarda məzmun izləməyə davam etsələr də, şəxsi həyatlarını paylaşmağa əvvəlki qədər həvəs göstərmirlər.
Mütəxəssislərə görə, bunun əsas səbəblərindən biri sosial medianın əvvəlki səmimiliyini itirməsidir. Əvvəllər insanlar gündəlik həyatlarından sadə fotolar və kiçik anlar paylaşırdılar. İndi isə lentlər daha çox mükəmməl, kommersiya yönümlü və qeyri-real məzmunlarla doludur.
Bir çox istifadəçi paylaşım etdikdə başqalarının mühakiməsindən narahat olur. Müharibə və fəlakətlər fonunda xoşbəxt anlarını paylaşmaq isə bəzi insanlarda günahkarlıq hissi yaradır. Nəticədə istifadəçilər öz həyatlarını nümayiş etdirməkdənsə, susmağa üstünlük verirlər.
Digər səbəb isə botların və saxta aktivliyin artmasıdır. Sosial mediada yayılan məzmunun əhəmiyyətli hissəsinin artıq insanlar deyil, avtomatlaşdırılmış sistemlər tərəfindən yaradılması platformaların daha süni və “boş” görünməsinə səbəb olur.
İstifadəçilər isə sosial medianın yenidən real insanların gündəlik həyatlarından kiçik və səmimi anları paylaşdığı daha təbii məkana çevrilməsini istəyirlər.
07:17 27.08.2026
Oxunuş sayı: 51