Tayvan süni intellekt gəlirlərini əhaliyə paylayacaq
Tayvan hökuməti süni intellekt sektorundakı sürətli iqtisadi artımdan əldə olunan gəlirlər hesabına ölkə sakinlərinə pul ödəməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Taipei Times” bu barədə məlumat yayıb. Tayvan Prezidenti Lay Çinq-te bildirib ki, 2027-ci ilin büdcəsinə hər bir şəxsə 10 min yeni Tayvan dolları (təxminən 314 ABŞ dolları) ödənilməsi üçün 235,7 milyard yeni Tayvan dolları (7,4 milyard dollar) vəsait ayrılması nəzərdə tutulur.
Lay bu ödənişi “süni intellekt dividendi” adlandıraraq, məqsədin ölkənin texnoloji inkişafından əldə olunan iqtisadi dividendlərin bütün əhali ilə bölüşdürülməsi olduğunu bildirib.
Məlumata görə, Tayvan iqtisadiyyatının sürətli böyüməsində süni intellekt, yüksək məhsuldarlıqlı hesablama sistemləri və bulud xidmətlərinə qlobal tələbatın artması mühüm rol oynayıb. Ölkənin 2026-cı ilin ilk yarısında iqtisadi artımı 14,15 faiz təşkil edib.
Hökumətin hesablamalarına əsasən, 2027-ci il büdcəsində nəzərdə tutulan ödəniş yeni borclanma olmadan həyata keçirilə bilər. Ödənişin verilməsi üçün büdcə layihəsinin Tayvan parlamentində təsdiqlənməsi tələb olunur. Mövcud prosedur qorunarsa, vəsaitin 2027-ci ilin Ay Yeni ilindən əvvəl sakinlərə çatdırılması mümkün ola bilər.
Qeyd edək ki, Tayvanın süni intellekt sektorundakı yüksəlişi əsasən yarımkeçirici istehsalı və yüksək texnologiya sənayesi ilə bağlıdır. Qlobal AI tələbatının artması ölkənin ixrac və investisiya göstəricilərinə də ciddi təsir göstərib.
01:13 27.08.2026
Oxunuş sayı: 47