Universitetə qəbul balları bu səbəbdən artdı
Bəzi ixtisaslarda keçid balları ötən illə müqayisədə 50-60 baladək yüksəlib. Bu il ali məktəblərə qəbul zamanı bir sıra ixtisaslarda rəqabətin daha da artdığı müşahidə olunur. Eyni ixtisas üzrə keçid balının qısa müddətdə bu qədər yüksəlməsi isə abituriyentlər arasında suallar yaradıb. Bəs ballar niyə bu qədər çox qalxdı?
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Crossmedia.az-a açıqlamasında bildirib ki, keçid balı əvvəlcədən müəyyən edilən sabit rəqəm deyil və formalaşan rəqabətin nəticəsidir:
“Keçid ballarının 50-60 bal yüksəlməsi ilk baxışda çox böyük dəyişiklik kimi görünür. Amma burada vacib məqam odur ki, keçid balı əvvəlcədən müəyyən edilən sabit bir rəqəm deyil. Keçid balı formalaşan rəqabətin nəticəsidir. Yəni konkret ixtisaslara müraciət edən abituriyentlərin sayı, onların topladığı bal, plan yerlərinin sayı və seçim davranışları keçid balına birbaşa təsir göstərir. Bu il bəzi ixtisaslarda yüksək nəticə göstərən abituriyentlərin həmin istiqamətlərə daha çox yönəlməsi rəqabəti artırıb və nəticədə keçid balı əvvəlki illə müqayisədə ciddi yüksəlib. Xüsusilə bəzi ixtisaslarda 50-60 ballıq artımın, hətta 100 bala qədər yüksəlmənin bütün ixtisaslar üzrə ümumi tendensiya kimi qəbul edilməsi düzgün deyil. Belə kəskin dəyişikliklər daha çox konkret ixtisas və universitetlər üzrə formalaşan rəqabətin nəticəsidir”.

Ə.Həsənli qeyd edib ki, məsələn, həmin ixtisas üzrə ötən il 450 bal civarında keçid balı formalaşıbsa, bu il həmin ixtisasa daha yüksək nəticə göstərən abituriyentlərin marağı artıbsa, plan yerlərinin sayı da eyni qalıbsa, təbii olaraq sonuncu qəbul olunan abituriyentin balı yuxarı qalxacaq: “Burada universitetin keçid balını artırması kimi yanaşma doğru deyil. Universitet həmin rəqəmi özü müəyyənləşdirmir, keçid balı müsabiqənin nəticəsində formalaşır. Ona görə də abituriyentlər ixtisas seçərkən yalnız ötən ilin keçid balına baxaraq qərar verməməlidirlər. Ötən ilin keçid balı yalnız istiqamətverici göstəricidir, zəmanət deyil. Abituriyent bu il rəqabətin necə dəyişəcəyini, həmin ixtisasa marağın artıb-artmadığını, plan yerlərinin sayını və öz nəticəsini birlikdə qiymətləndirməlidir. Əks halda, “Mənim balım ötən il bu ixtisasa çatırdı” düşüncəsi ilə seçim edərsə, bu il fərqli nəticə ilə qarşılaşa bilər. Əslində, bu dəyişikliklər göstərir ki, qəbul prosesində təkcə yüksək bal toplamaq deyil, həmin balın düzgün ixtisas seçimi ilə tamamlanması vacibdir. Keçid balının artması abituriyentin nəticəsinin zəifləməsi demək deyil, həmin ixtisas üzrə rəqabətin artması, güclənməsi deməkdir”.
Zərnigar Hüseynli
17:30 26.08.2026
Oxunuş sayı: 45