Aralıq dənizində ekoloji təhlükə narahatlıq yaradır
Aralıq dənizi sahillərində son üç yay ərzində müşahidə olunan mənzərə ekoloji narahatlıqları artırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Antalya sahillərində görünən kiçik köpük yığınlarından sonra bəzi körfəzlərdə yağlı təbəqələr, plastik tullantılar və xoşagəlməz görüntülər qeydə alınıb.
Xüsusilə qayıq hərəkətinin sıx olduğu ərazilərdə sintine suları və tullantılarla bağlı müzakirələr başlayıb. Dəniz səthində görünən plastik parçalarının isə mikroplastik çirklənmə nəticəsində yarandığı bildirilir.
Son araşdırmalar göstərir ki, Aralıq dənizində bəzi ərazilərdə mikroplastiklərin miqdarı təhlükəli həddə çatıb. Alanya sahillərindən götürülən nümunələrdə mikroplastik sıxlığının bəzi nöqtələrdə Aralıq dənizinin orta göstəricisindən 60-65 dəfə yüksək olduğu müəyyən edilib.
Çirklənmənin müxtəlif mənbələrdən dənizə daşındığına dair sübutlar artır. Mütəxəssislər diqqəti yalnız dənizdəki tullantılara deyil, həm də sahildə fəaliyyət göstərən bəzi müəssisələrin tullantı idarəetməsinə yönəldirlər.
Kirlilik dənizdə başlamır
Alimlərin fikrincə, Aralıq dənizində plastik çirklənmə yalnız sahillərdə görünən problem deyil. Ətraf mühit üzrə mütəxəssislər qurudan gələn tullantıların da böyük təhlükə yaratdığını bildirirlər.
Professor Sedat Gündoğdu Adana ətrafındakı plastik təkrar emal müəssisələrindən çıxan tullantı sularının əsas risk mənbələrindən biri olduğunu qeyd edib.
Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinin keçmiş müşaviri professor Mustafa Öztürk isə Aralıq dənizi sahillərində müşahidə olunan plastik parçaları, köpüklənmə və yağlı təbəqələrin illərlə davam edən ekoloji prosesin nəticəsi olduğunu bildirib.
Onun sözlərinə görə, Seyhan çayından drenaj kanallarına, təkrar emal müəssisələrindən suvarma sistemlərinə, kənd təsərrüfatı torpaqlarından isə Aralıq dənizinə qədər uzanan zəncirin hər mərhələsində ayrı-ayrı risklər mövcuddur.
08:12 23.08.2026
Oxunuş sayı: 54