İnsanlar gün ərzində az yatdıqları üçün bir birini təhqir edirlər - Psixoloq
Son illər sosial şəbəkələrdə insanların bir-birinə qarşı təhqiramiz, aqressiv və nifrət dolu rəylər yazması daha çox diqqət çəkən məsələlərdəndir. Bəzən insanlar real həyatda ifadə etmədikləri fikirləri sosial mediada daha sərt formada ortaya qoyurlar. Bəs insanlar niyə sosial şəbəkələrdə aqressivləşir və nifrət dolu rəylər yazırlar? Bu cür rəyləri yazan insanların psixoloji xüsusiyyətləri nələrdir?
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Crossmedia.az-a açıqlamasında bildirib ki, insanların başqalarının uğurunu həzm edə bilməməsi, özünəinamının aşağı olması və şəxsi inkişafdan uzaq qalması onları aqressiv davranışlara sövq edə bilər:
“Dünən xəbər verdilər ki, Kamilə Babayevanın anasının meyiti evdə tapılıb. Bu mənə çox pis təsir etdi ki, insanları ən ağır günlərində belə incidirlər. Bunun əvəzinə, “Kamilə Babayevanın anası rəhmətə gedib” və ya “Kamilə Babayevaya ağır itki üz verib” yazmaq olmazdımı? Belə yazmaq mümkün olduğu halda, mən tanıdığım, özlərini peşəkar jurnalist hesab edən insanların belə başlıqlar yazdığını gördüm. Həmin başlıqları oxuyanda həqiqətən təəssüfləndim. Belə başlıq insanların mənliyinə və qüruruna toxunmaqdır. Bir insan dünyasını dəyişib, biz isə onun haqqında yazarkən sanki nələrinsə alt qatında başqa məqamlar axtarmalı oluruq. İrəli gedən, zamanla uğur qazanan insanlar var. Məsələn, oxuyur, ali təhsil alır, özünü inkişaf etdirir, öz sahəsində irəliləyir və uğur qazanır. Amma nədənsə bəzi insanlar onların uğurunu həzm edə bilmirlər. Ümumiyyətlə, bizim cəmiyyətdə belə bir yanaşma var: kimsə uğur qazanırsa, digərləri ona şər və böhtan atmağa, onu aşağılamağa, incitməyə və ya ailəsində vaxtilə baş vermiş hansısa hadisəyə görə qınamağa çalışırlar. Onu kiçiltmək, türklərin bir sözü ilə desək, “küçültmək”, acizləşdirmək istəyirlər. Sanki həmin insana qarşı başqalarında nifrət oyatmağa çalışırlar. Amma əslində bu insanlar kimlərdir? Onlar özləri aciz, özünəinamı zəif, özlərinə dəyər verməyən, özlərini inkişaf etdirə bilməyən, cəmiyyətdə özlərinə yer tapa bilməyən insanlardır. Bəzən ailələrindən kifayət qədər dəyər və qiymət görməyiblər. Bu səbəbdən də başqalarını həmin cür rəylərlə alçaltmağa çalışırlar. Belə bir söz var. “Yerin dibindən gələn utanc”. Yerin dibindən gələn utanc və meydan oxuma. Yəni insan uşaqlıq yaşlarında təhqir olunaraq sanki yerin dibinə batır. Böyüdükdə isə həmin insan yerin dibindən çıxır və nə edir? İnsanlara meydan oxumağa başlayır. Amma vaxtilə alçaldılmış uşaqlığını düzəltməyə çalışmır. Bu gün başqa insanları bir kənara qoyuram və özümdən nümunə gətirirəm. Məsələn, hər hansı müsahibəm yayımlananda və ya müsahibə verəndə, bəzən qarşı tərəfin fərqli fikir səsləndirməsi səbəbindən həmin müsahibə daha çox izlənilir. Səhifələrdən biri hansısa cümləni paylaşır və mən də insanların rəylərinə baxıram. Görürəm ki, mənə pis rəy yazan insan əslində mənim ən yaxınımda olan biridir. Paxıllıq hissi həmin insana imkan vermir ki, özü inkişaf etsin və nəticədə artıq-əskik rəylər yazır. Mən bu cür rəyləri yazan insanlara baxıram və görürəm ki, özləri müəyyən problemləri olan, özlərini inkişaf etdirməyən, hətta paxıllıq hissi ilə yaşayan insanlardır. Bu gün bəzi statuslar var ki, mənim paylaşımlarım da həmin qəbildəndir. Getdiyim, gəzdiyim, mənə maraqlı olan yerləri, hədiyyə edilən çiçəkləri və başqa məqamları paylaşıram. Amma bəzi insanlar hətta həmin çiçəklərin altında belə nələrsə axtarmağa çalışırlar. Kimisə və ya nəyisə ləkələməyə çalışırlar. Mən yenə deyirəm, bu insanlar öz məqsədləri olmayan, həyatın axarına düşən, yəni boş həyat yaşayan insanlardır”.

G.Orucova qeyd edib ki, gün ərzində 20 saata yaxın vaxtını telefonda keçirən insanlar var: “Bəzən baxıram ki, insan dörd saat yatır. Dörd saat yuxu ilə necə ayaqda qalmaq mümkündür? Təbii ki, gün ərzində cəmi dörd saat yatan insanın sinir sistemi də pozulacaq, müxtəlif problemləri də ortaya çıxacaq. Paxıllıq hissi, kin və nifrət də yarana bilər. Çünki sən gün ərzində üç-dörd saat yatırsansa, bütün səhifələrdə yaxınlarının, dostlarının, qrup yoldaşlarının və digər insanların statuslarına baxıb paxıllıq hissi keçirirsənsə, amma bu hissləri həmin insanlara deyə bilmirsənsə, həmin neqativ emosiyaları digər sosial şəbəkələrə yönəldirsən. Bu gün, məsələn, LGBT nümayəndələri də var. Onlar gəlib demirlər ki, “Mən belə kişiyəm, mən yaxşı kişiyəm, mən elə kişiyəm”. Mən baxıram ki, bu insan öz həyatını yaşayır və bizim onun həyatını əlindən almağa ixtiyarımız yoxdur. Onları əsla müdafiə etmirəm, amma onlara qarşı olan bu qədər kin və nifrətin səbəbini də anlamıram. Sual verirəm: Sən dəmi belə olmaq istəyirdin? Yox. Onda bu insana qarşı niyə bu qədər kin və nifrət var? Bunu anlaya bilmirəm. Düşünürəm ki, insanlar hələ də özlərini kifayət qədər inkişaf etdirə bilməyiblər. Bəzən də olur ki, insanlar yerli-yerində tənqid edirlər. Bəzən isə tənqidi təhqir kimi qəbul edən insanlar var. Deyirəm ki, biz cəmiyyət olaraq tənqidə kifayət qədər açıq deyilik. Əgər deyilən fikir həqiqətə əsaslanırsa, mən tənqidi qəbul edərəm. Amma həqiqət deyilsə, bunu qəbul etmirəm. Bununla belə, mən heç kimi qınaya, alçalda və ya sərt şəkildə təhqir edə bilmərəm. Buna heç kimin ixtiyarı yoxdur. Bəzən baxıram ki, bəzi müğənnilər izləyicilərini çox kobud ifadələrlə təhqir edirlər. Ola bilər ki, həmin insan sizə çox şey yazıb. Bəs bu nəyi göstərir? İlk növbədə onun ailəsində aldığı tərbiyəni və kimliyini göstərir. Sən isə ona nəyi göstərirsən?”.
Zərnigar Hüseynli
19:30 20.08.2026
Oxunuş sayı: 58