Sosial media gənclərin özünəinamını azaldır
Sosial media gənclərin özünə münasibətinə və özünəhörmətinə ciddi təsir göstərə bilən əsas platformalardan birinə çevrilib. Xüsusilə ideal görünüşlərin, həyat tərzlərinin və uğur hekayələrinin davamlı nümayiş etdirilməsi gənclərdə özlərini başqaları ilə müqayisə etmək meylini gücləndirə bilər.
Bəs sosial media gənclərin özünəhörmətinə necə təsir göstərir? İnsanların sosial mediada daha sərbəst davranması utanma hissinin azalmasına səbəb olurmu?
Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, Qərb və Şərq mədəniyyətlərində insanların öz davranışlarını qiymətləndirməsi arasında müəyyən fərqlər mövcuddur: “Qərb mədəniyyətində insanın etdiklərini özünü günahlandırma olur, yəni özünə hesab verir. Amma Şərq mədəniyyətində addımları, hərəkətləri, davranışları başqalarının baxışına görə dəyərləndirilir: başqaları nə deyər, camaat nə deyər, olmaz, ayıbdır və s. kimi. Bu da təbii ki, başqalarının həyatını marağa çevirir. Xüsusən də bizim millətdə belədir: başqalarının həyatı, sahib olduqları, istər maddi, istər mənəvi, fərq etmir, həmişə diqqətlərini çəkibdir. Buna ən gözəl sübut, həm Zaur Baxşəliyevin, Xoşqədəmin, Lalə Azərtaşın verilişinin reytinqləri də göstərir ki, verilişlərin içində başqalarının həyatları müzakirə olunur, ortaya çıxır baş verənlər və insanların da marağını cəlb eləyir. Çünki bizim maraq dairəmiz də odur”.

S.Piriyevanın sözlərinə görə, sosial media gənclərin özünəhörmətindən daha çox özünəinamına təsir göstərir: “Sosial media özünəhörmətinə çox təsir etmir, özünəinamına təsir eləyir. Özünəinam aşağı düşür, bu da uğursuzluq qorxusuna gətirib çıxarır hər baxımdan. Məsələn, abituriyent ali təhsilə hazırlaşırsa, qəbul olmayacağı qorxusu yaşayır. Bir biznesmen özü çoxlu pul qazanmağın yollarını deyir, başqa şəxslər də əlbəttə asan yolla və yaxud da ki, daha çox gəlir əldə etmək üçün çalışırlar, amma inanmırlar ki, bacararlar, bacarmazlar. Ona görə də özünəinama birbaşa təsir eləyir. Özünəhörmətə çox, çox-çox az qisimdə necə təsir edə bilər? Özünü günahlandırma nəticəsində özünü təhqir etməsi ola bilər. Yəni “ağılsız, bax görürsən camaat tutaq ki, universitetə girdi, sən telefonla oynadın, sən tupoysan, sən axmaqsan”, yəni özünü təhqir etməklə özünəhörmətinə təsir edə bilər. Əksinə, sosial mediada utanma hissi olmur. Sosial media onların daha rahat yoludur. Hətta ünsiyyət azlığı, ünsiyyət çətinliyi, asosial şəxslərdə, şəxsiyyət tiplərində telefonla danışmaq, yazışmaq canlı görüşdən daha rahatdır. Bu səbəbdən də yeniyetmələr telefondan daha asılı olurlar. Çünki onlar canlı ünsiyyətdən qaçırlar: özünü kompleksləri olduqlarına görə, başa düşülmədiyi üçün ola bilər və s. yeniyetmələrdə yaşanır. Amma utanma hissi telefon arxasında olmur, üz-üzə isə utanma hissi yaşaya bilərlər”.
Zərnigar Hüseynli
17:00 19.08.2026
Oxunuş sayı: 49