Doktorantura imtahanında ingilis dili problemi böyüyür - DİM açıqladı
Son illər elmə, elmi tədqiqata və doktorantura təhsilinə maraq azalmaqdadır. Elmi fəaliyyətə yönəlmək, tədqiqat aparmaq və akademik karyera qurmaq istəyən gənclərin sayı getdikcə azalarkən, doktoranturaya mövcud qəbul sisteminin yaratdığı əlavə baryerlər bu tendensiyanı daha da dərinləşdirir. Xüsusilə doktoranturaya qəbul zamanı ingilis dili üzrə tətbiq edilən sərt tələblər həm namizədlərin, həm də alimlərin ciddi narazılığına səbəb olub. Məsələ təkcə bir imtahanın çətinliyindən və ya xarici dil biliyinin yoxlanılmasından ibarət deyil. Əsas sual budur: Elmə gəlmək istəyən, öz ixtisasını yaxşı bilən, tədqiqat aparmaq üçün kifayət qədər hazırlığı və praktik təcrübəsi olan bir gəncin qarşısına niyə əsas meyar kimi peşəkar səviyyədə ingilis dili baryeri qoyulmalıdır? Əgər namizəd seçdiyi ixtisas üzrə biliklərini nümayiş etdirə bilir, araşdırma aparmaq potensialına malikdirsə, onun elmi yolunun qarşısını xarici dil üzrə yüksək tələblə kəsmək nə dərəcədə doğrudur? Başqa bir məqam ondan ibarətdir ki, yüksək ingilis dili göstəricisi, beynəlxalq sertifikatı olan namizədlər də Dövlət İmtahan Mərkəzində xüsusi yoxlamalardan keçirlər. Axı bu nəyə lazımdır?
Ən paradoksal məqam isə odur ki, gənclərin elmə marağının onsuz da ciddi şəkildə azaldığı bir vaxtda, onların qarşısına yeni və ağır maneələr çıxarılır. Belə tələblər gəncləri elmə cəlb edir, yoxsa əksinə, onları akademik mühitdən uzaqlaşdırır? Elmə yol bilik, bacarıq və tədqiqat potensialı üzərindən açılmalıdır, yoxsa yüksək səviyyəli xarici dil imtahanından keçmək üzərindən? Bu suallar artıq təkcə doktorantların deyil, Azərbaycan elminin gələcəyi baxımından ciddi müzakirə predmetinə çevrilməlidir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında professor Cahangir Məmmədli qeyd edib ki, Dövlət İmtahan Mərkəzi müəllimlərin sertifikasiya imtahanlarında sualların tərtibində və cavablarında yol verilən səhvlərə görə çox ciddi ictimai qınağa məruz qaldı. Eyni zamanda, digər fənlər üzrə magistratura və doktorantura imtahanlarında da mübahisələrə səbəb olan bir sıra məqamlar var idi. Bir həmkarımız var idi, onun dediyi fikir var. O bildirirdi ki, universitet müəllimləri bir neçə il ərzində tələbələrin gələcək taleyində müəyyən mənada rol oynayırlar. Onlar tələbələri birinci kursdan etibarən tanıyır, onların savadına, dünyagörüşünə, elmi potensialına bələd olurlar. Həmin tələbələr sonradan magistratura və doktorantura mərhələsinə daxil olurlar. Lakin imtahanlarda qarşılaşdıqları müəyyən çətinliklər, xüsusilə də xarici dil və məntiq üzrə qoyulan suallar ciddi problemlər yaradır. Bəzən elə təəssürat yaranır ki, müəyyən sualların imtahana salınmasının məqsədi aydın deyil. Həmin sualların nəyə xidmət etdiyini, nə üçün tələb olunduğunu başa düşmək çətin olur. Çünki ölkədə özəl tədris mərkəzləri və müxtəlif hazırlıq kursları var və insanlar həmin mərkəzlərdə imtahanlara hazırlaşırlar. Lakin tələbələrə qeyri-standart, onların əvvəlcədən qarşılaşmadığı və mahiyyətini başa düşməkdə çətinlik çəkdiyi suallarla məntiq öyrətməyə məcbur etmək artıq başqa məsələdir. Magistratura və doktorantura imtahanlarında vəziyyət xüsusilə düşündürücüdür. Universitetlərdə birinci kursdan etibarən tələbələri tanıyan, onların savadına və dünyagörüşünə bələd olan müəllimlər həmin məzunların elmi potensialını daha yaxşı qiymətləndirə bilirlər. Təəssüf ki, xarici dil üzrə keçirilən imtahanlar bir sıra hallarda belə məzunları elmdən uzaqlaşdırır. Sözün həqiqi mənasında, yalnız imtahanda xarici dil qarşısında yaranan qorxu və çətinlik səbəbindən elmi fəaliyyətə yönəlmək istəyən insanların qarşısında ciddi maneə yaranır.
Professor qeyd edib ki, əlbəttə, xarici dil bilmək lazımdır: “Bunun vacibliyini qəbul edirəm. Xarici dil müasir elmin ayrılmaz hissəsidir. Universitetdə və elmi fəaliyyətdə xarici dil müəyyən mənada tərcüməçi rolunu oynayır. İnsan xarici dildə olan elmi ədəbiyyatı oxumalı, araşdırmalı və dünya elminə çıxış əldə etməlidir. Amma problem ondadır ki, qoyulan suallar və tələb olunan cavablar mütəxəssislər tərəfindən hazırlansa da, bəzi hallarda xarici dili kifayət qədər yaxşı bilən insanların belə imtahandan keçə bilməməsi suallar doğurur. Bir fakt deyə bilərəm, amma şəxsin adını açıqlamayacağam. Yaxından tanıdığım bir nəfər doktorantdır. İngilis dilini çox yaxşı bilir. Xaricdə yaşayan, dünyanın müxtəlif ölkələrində olan və televiziya sahəsində çalışan insanlarla ünsiyyətdə olub. Buna baxmayaraq, onu iki-üç dəfə xarici dil imtahanından kəsiblər. Bu, həmin şəxs üçün də təəccüblü olub. Çünki ona elə suallar təqdim edilib ki, ingilis dilində sərbəst yazan, danışan, insanları dinləyib başa düşən və xarici dildə müsahibələr aparan bir şəxsin belə həmin imtahandan keçə bilməyib. Əgər xarici dildə real ünsiyyət qura bilən, yazan, oxuyan və dinləyib anlayan insan imtahandan kəsilirsə, burada artıq imtahanın özünün qiymətləndirmə meyarlarına nəzər salmaq zərurəti yaranır. Son günlər bu məsələ ətrafında yaranan mübahisələrdən belə başa düşdüm ki, Dövlət İmtahan Mərkəzi doktoranturaya qəbul olmaq istəyən və müəyyən xarici dil sertifikatlarına malik şəxslərlə bağlı onların həmin sertifikatlara həqiqətən layiq olub-olmadıqlarını müəyyənləşdirmək məqsədilə əlavə qiymətləndirmə aparmaq istəyir. Yəni həmin şəxslərin təqdim etdiyi sertifikatların real dil biliklərini əks etdirib-etdirmədiyi məsələsi gündəmə gətirilir. Amma burada başqa bir problem ortaya çıxır. Əgər həmin sertifikatları verən qurumlar və ya beynəlxalq səviyyədə tanınan sertifikat sistemləri müəyyən şəxslərin dil biliklərini artıq qiymətləndiribsə, sonradan həmin şəxslərin yenidən imtahana cəlb olunması ciddi suallar doğurur. Çox təəssüf edirəm ki, bu cür sertifikat almış insanların sıradan çıxarılması, sertifikatlarının qəbul edilməməsi və yenidən imtahan məsələsinin gündəmə gətirilməsi nəticə etibarilə insanları elmdən uzaqlaşdıra bilər. Bu məsələ məni ciddi şəkildə narahat edir. Çünki söhbət yalnız bir imtahandan getmir. Söhbət illərlə universitetdə oxuyan, elmi fəaliyyətə hazırlaşan, magistratura və doktorantura mərhələsinə keçmək istəyən insanların gələcəyindən gedir. Əgər həmin insanların qarşısına onların real elmi potensialını və biliklərini tam şəkildə qiymətləndirməyən maneələr qoyularsa, nəticədə biz elmə gəlmək istəyən insanların sayını azaltmış olarıq. Allah eləsin ki, Dövlət İmtahan Mərkəzi bu məsələdə müəyyən tərəddüdləri nəzərə alsın, imtahanların keyfiyyətinə, sualların məzmununa və qiymətləndirmə meyarlarına daha ciddi diqqət ayırsın. Əsas məqsəd insanları imtahandan kəsmək yox, onların real bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək olmalıdır. Əks halda, belə yanaşmalar elmi potensialı olan insanların elmdən uzaqlaşmasına səbəb ola bilər”.

Hüquqşünas, jurnalist Taleh Şahsuvarlı açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin mükəmməl ingilis dili biliyi səviyyəsi tələb etməsi qanunsuzdur: “Ona görə qanunsuzdur ki, bizim təhsil haqqında qanunvericiliyimizə görə magistratura pilləsində tələbənin əxz edə biləcəyi maksimum ingilis dili səviyyəsi B2-dir. B2 səviyyəsindən yuxarı, yəni C1 və C2 səviyyəsində sualların doktorantura ingilis dili testinə salınmasının heç bir hüquqi əsası yoxdur. Dövlət deyir ki, mən bir tələbəyə magistratura pilləsində maksimum B2 səviyyəsində təhsil və bacarıq verə bilirəm. Və bunun qarşılığında C1-C2 səviyyəsində olan sualların salınması o deməkdir ki, dövlətin rəsmi proqramından yuxarıda bilik və bacarıq tələb edilir. Bu qanunsuzdur. Birmənalı şəkildə qanunsuzdur. İkincisi, bütün tələbələrin B2 səviyyəsində ingilis dilini Azərbaycanın mövcud təhsil sistemindən öyrənməsi praktik olaraq mümkün deyil. Çünki bizim ölkəmizdə ingilis dilinin tədrisi ilə bağlı, orada danışıq bacarıqlarının, yazı bacarıqlarının inkişafı ilə bağlı kifayət qədər problemlər var. Ona görə də burada ortaya çıxmalı olan məsələ A2-B1 səviyyəsi arasındadır. Əgər kimsə A2-B1 səviyyəsi arasında ingilis dilini bilirsə, o, sonrakı illərdə onu təkmilləşdirə bilər, artıra bilər, cüzi də olsa inkişaf etdirə bilər. Dövlət İmtahan Mərkəzi bunu üzə çıxartmaq əvəzinə, ingilis dilini Azərbaycan elminin qarşısına bir sədd kimi qoyubdur”.
T.Şahsuvarlı bildirib ki, bu günlərdə dünyada olan tendensiyalar tamamilə fərqlidir: “Məsələn, elə bu yaxınlarda Çin bütün tərcümə fakültələrini, öz universitetlərində olan tərcümə fakültələrini ləğv etdi. Nəyə görə ləğv etdi? Ona görə ki, artıq süni intellekt və müasir informasiya texnologiyaları insanların hər hansı bir dili xüsusi şəkildə öyrənməsinə ehtiyac qoymur. Biz nəyisə tərcümə ediriksə, süni intellektə veririk, o, insandan daha mükəmməl bir şəkildə tərcümə edir, insandan daha yaxşı şəkildə oxuyur, daha yaxşı şəkildə xülasələr çıxarır. Bu baxımdan, ingilis dili və ya hər hansı bir xarici dilin qarşısına bir sədd kimi qoymaq Azərbaycanda təhsilin, elmin inkişafına vurulan ən ciddi zərbələrdən biridir. İnsanlar magistraturaya niyə qəbul olmaq istəyirlər? Onlar orada konkret bir sahə üzrə, daha dar sahə üzrə ixtisaslaşırlar və həmin ixtisaslaşdığı sahə içərisindən bir mövzu götürürlər. Həmin mövzunu da doktorantura səviyyəsində tədqiq edirlər, daha sonra dissertasiyalarını müdafiə edirlər. Bundan ötrü indi ingilis dilini və ya hər hansı başqa dili gətirib bu şəkildə ön plana çıxartmaq o deməkdir ki, elmi dünyagörüşü arxada qalır, tədqiqat aparmaq bacarığı arxada qalır. Bir insanın karyerası, elmi müstəvidə karyerası baryerlərlə üzləşir. Bu baxımdan həmin tələb qanunsuzdur. İkinci bir tərəfdən, Dövlət İmtahan Mərkəzinin hər hansı TOEFL, ondan sonra IELTS kimi beynəlxalq sertifikatları qəbul etməməsinin heç bir hüquqi əsası yoxdur. Onunla bağlı Azərbaycan Respublikasının qanunları var, Nazirlər Kabinetinin qərarları var və həmin qərarlardan Dövlət İmtahan Mərkəzinə elə bir səlahiyyət verilməyib ki, o, vətəndaşı əlavə müsahibəyə cəlb etsin, əlavə imtahana cəlb etsin, onun təqdim etdiyi sertifikatın həqiqiliyini şübhə altına alsın. Əgər hər hansı bir sertifikat saxtadırsa, qanunsuz yollarla alınıbsa və yaxud belə deyək, müəyyən problemlər yaradırsa, yəni saxtakarlıq problemi, saxtakarlıq elementləri varsa onun əldə olunmasında, bu məsələni araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Bu məsələni araşdırmaq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə konkret cinayət əməlidir – sənədlərin saxtalaşdırılmasıdır. Dövlət İmtahan Mərkəzi hüquq-mühafizə orqanı deyil. Dövlət İmtahan Mərkəzi özünü hüquq-mühafizə orqanlarının yerinə qoya bilməz, kiminsə diplomunu saxta elan edə bilməz. Bundan ötrü məhkəmə qərarı lazımdır. İkincisi də, həmin əməli törədən şəxs fərdi qaydada məsuliyyətə cəlb olunmalıdır. Bu məsələnin digər tərəfi də odur ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi açıqlama verir ki, bu əlavə, qanunda nəzərdə tutulmayan əlavə müsahibələri, faktiki olaraq əlavə imtahanı nəyə əsasən keçirirlər? Deyirlər ki, Dövlət İmtahan Mərkəzinin tədrisin əmrinə təsdiq etdiyi qaydalar var, həmin qaydalar əsasında onlayn şəkildə adı çəkilən TOEFL və digər sertifikatları yoxlayırlar. Mən də deyirəm ki, bu, ümumiyyətlə, hüquqi nihilizmdir. Ona görə hüquqi nihilizmdir ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və publik hüquqi şəxsin bu ölkədə normativ hüquqi aktlar yaratmaq səlahiyyəti yoxdur. Dövlət İmtahan Mərkəzi heç bir halda, heç bir formada normativ hüquqi akt yarada bilməz. Digər bir tərəfdən də bu əmrin biyabırçılığı ondadır ki, Dövlət İmtahan Mərkəzi əmrlə normativ hüquqi akt yaratmaq istəyir. Səlahiyyətinin olmamasından başqa, metodoloji baxımından da bu, böyük səhvdir, böyük cəfəngiyyatdır, yəni səlahiyyət həddini aşmaqdır. Ona görə siz diqqət edin: Azərbaycan qanunvericiliyində əmr nədir? Əmr sərəncamın bir növüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamları belə normativ hüquqi akt yaratmır. Belə çıxır ki, Məleykə Abbaszadənin əmrləri, sərəncamları Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından daha üstün hüquqi qüvvəyə malikdir? Belə bir şey ola bilməz. Bu, hüquqi nihilizmdir və bu, dərhal aradan qaldırılmalıdır. Dövlət İmtahan Mərkəzi səlahiyyət həddini aşmasına son qoymalıdır”.
Məsələ ilə bağlı Dövlət İmtahab Mərkəzi (DİM) isə sorğumuza cavab olaraq qeyd edib ki, doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” ilə tənzimlənir: “Qaydalara əsasən, namizədlər xarici dil, fəlsəfə və ixtisas fənnindən qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir və keçid balı maksimum toplanıla biləcək 50 baldan 25 baldır. Qüvvədə olan müvafiq beynəlxalq dil sertifikatına malik namizədlər isə nəticələri müəyyən edilmiş keçid balına ekvivalent olduğu halda xarici dil imtahanından azad edilirlər. Ətraflı məlumat Mərkəzin rəsmi internet səhifəsində qeyd olunub.
129 nömrəli Qaydalarda beynəlxalq sertifikat nəticələrinin qəbul imtahanının keçid balına ekvivalentliyinin AMEA və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilməsi qeyd olunub”.
Məlumatda qeyd olunur ki, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının beynəlxalq dil sertifikatlarının xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinə ekvivalentliyinə dair müvafiq qərarlarında isə qəbul edilən beynəlxalq sertifikatlar üçün CEFR üzrə B2 və daha yüksək səviyyə əsas götürülür: “Doktorantura fəlsəfə doktoru elmi dərəcəsinin əldə edilməsinə yönəldiyindən, qəbul mərhələsində xarici dil üzrə minimum tələbin sonrakı attestasiya mərhələsində müəyyən edilmiş səviyyədən aşağı olması məqsədəuyğun hesab edilmir. Buna görə də doktoranturaya qəbul zamanı beynəlxalq dil sertifikatlarının tanınmasında B2 minimum səviyyə kimi tətbiq edilir.
Məsələn, IELTS üzrə 5.5 bal doktoranturaya qəbul zamanı xarici dil imtahanından azad olunmaq üçün kifayət etdiyi halda, xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunmaq üçün minimum 6.0 bal tələb edilir. Bu yanaşma doktoranturaya qəbul və sonrakı attestasiya mərhələləri arasında xarici dil tələblərinin ardıcıllığını təmin edir”.
Ayhan
17:20 18.08.2026
Oxunuş sayı: 53