Müqayisə aparaq görək bizim yazıçılarımız daha yaxşı yazır, yoxsa süni intellekt - Akademik
Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib. Bu artıq yalnız texnologiya sahəsinin deyil, elm, ədəbiyyat, dilçilik və incəsənətin də əsas müzakirə mövzularından birinə çevrilib. Onun böyük həcmdə məlumatı qısa müddətdə emal etməsi, mürəkkəb hesablamaları aparması və mətn yaratmaq imkanları insan yaradıcılığının gələcəyi ilə bağlı sualları artırır. Xüsusilə süni intellektin ədəbiyyatda, musiqidə və təsviri sənətdə insanı nə dərəcədə əvəz edə biləcəyi məsələsi diqqət çəkir.
Akademik Nizami Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, süni intellekt hər şeydən əvvəl insan iradəsinin, insan maraqlarının və insan beyninin imkanlarının yaratdığı hadisədir:
“Süni intellekt insandan kənarda dünyaya gələn bir hadisə deyil. Bununla yanaşı, süni intellekt insanın imkanlarına əsaslanaraq müəyyən dövrdən sonra insanı qabaqlaya, yəni daha önə keçə bilər. Bizim sahələrdə – dilçilikdə, ədəbiyyatşünaslıqda, hətta tarixşünaslıqda – süni intellekt ilk növbədə hesablamaları dəqiq aparır, faktları sistemləşdirir, həmin faktlar arasında ən münasib əlaqələri müəyyənləşdirir. Əsas məsələ isə budur ki, bunu qısa müddətdə həyata keçirir. Əgər hər hansı bir hesablamanın aparılması üçün dilçilikdə, ədəbiyyatşünaslıqda və ya tarixşünaslıqda insana 10 il lazımdırsa, süni intellekt bunu 10 dəqiqəyə həll edə bilər. Ona görə də süni intellektdən kənarda qalmaq sadəcə mümkün deyil. Biz bu hesablamaları onsuz da aparırıq. Bəzən heç bir insanın ömrü müəyyən hesablamaları başa çatdırmağa kifayət etmir və bu zaman da müəyyən qüsurlar meydana çıxır. Süni intellektin apardığı hesablamalar isə çox dəqiq və çox miqyaslıdır. Məsələn, dildə müəyyən modellərin sayının və kəmiyyətinin hesablanması, müxtəlif sistemli dillərdə universal hadisələrin müəyyənləşdirilməsi kimi çoxlu məsələlər var. Xüsusilə dilin lüğət tərkibi və leksikası ilə bağlı müəyyən münasibətlərin, kəmiyyət göstəricilərinin hesablanması mühüm məsələlərdir və artıq bunlar tədricən tətbiq olunur. Tərcümə sahəsində də istifadə edilir. Süni intellekt müəyyən mətnlər yarada bilir".

Akademik qeyd edib ki, vikipediya məlumatları əsasında hər hansı bir dilçinin yaradıcılıq tərcümeyi-halını mövcud materiallar əsasında süni intellekt daha sistemli və daha dəqiq şəkildə tərtib edə bilər və sən də bunun üzərində işləyə bilərsən: "Bu baxımdan onun imkanları getdikcə daha da genişlənəcək. Amma ədəbiyyatda insan yaradıcılığını, musiqidə və ya təsviri sənətdə insan yaradıcılığını süni intellekt əvəz edə biləcəkmi? Xeyr, əvəz edə bilməyəcək. Lakin müəyyən neytral işləri görə bilər. Məsələn, bu gün bizim üçün maraqlıdır ki, süni intellekt vətənpərvərlik və ya Qarabağ mövzusunda necə bir şeir yaza bilər? Xalqımızın Qarabağdakı qələbəsi ilə bağlı süni intellekt hansı romanı yaza bilər? Buna qarşı çıxmaq lazım deyil. O yazsın. Heç olmasa müqayisə aparaq və görək ki, bizim yazıçılarımız daha yaxşı yazır, yoxsa süni intellekt. Təbii ki, mən düşünürəm ki, süni intellektin yazdığı orta səviyyədə olacaq. Yəni istedadlı yazıçıdan yaxşı yazmayacaq, amma istedadsız yazıçıdan da yaxşı yazacaq. Bu mənada süni intellekti mütləqləşdirmək yox, onu müəyyən fəaliyyətə buraxmaq lazımdır. Onun səhnəyə çıxmasına mane olmaq lazım deyil və buna mane də ola bilməyəcəyik. Süni intellekt də öz, belə deyək, istedadını göstərsin. Ədəbiyyata gəldikdə isə insan duyğuları, həyat təcrübəsi və fərdi yaradıcılıq baxımından süni intellekt həmişə bizdə şübhə doğurur. Həmişə düşünürük ki, insanın daxili zənginliyini süni intellekt verə bilməz. Amma süni intellekt nəyisə verir. Kədər hissini də verir, sevinc hissini də verir, laqeydlik hissini də verir. Lakin bunu lazımi təsadüfləri nəzərə almadan, modelləşdirərək və müəyyən texnoloji sistemlər vasitəsilə verir. Qoy bu da olsun. Ağıllı insanlar, xüsusilə tədqiqatçılar həmin hadisələrin standartlarını müəyyənləşdirə biləcəklər. Çünki süni intellekt çoxlu sevinc hisslərinin içərisində bu gün həyatda ən universal olanı bizə təqdim edə biləcək. Amma onu insan eyni şəkildə təqdim edə bilmir. İnsan müxtəlif sevincləri ifadə edir. Bizim üçün isə həm də bu sevincin, kədərin və laqeydliyin standartının nədən ibarət olduğunu müəyyənləşdirmək lazımdır. Məsələ burasındadır ki, mənim dediyim elmlərdə, o cümlədən elm sahəsi olmayan sənətlərdə, ədəbiyyatda, musiqidə və rəssamlıqda süni intellekt bizi bir növ yarışa dəvət edəcək və artıq indidən də edir. Burada iştirak etməkdən qaçmaq lazım deyil. Çünki insan öz yaratdığı ilə yarışa girir. İnsan öz yaratdığının ən istedadlı forması ilə öz istedadını müqayisə etmək imkanı qazanır. Bu müqayisənin nəyə gətirib çıxaracağını, sənətimizə, elmimizə və ümumiyyətlə dünyaya nələr verəcəyini isə biz görəcəyik. Görmək istəsək də görəcəyik, görmək istəməsək də görəcəyik”.
Zeynəb Həsən
17:30 17.08.2026
Oxunuş sayı: 65