Belçikada divarın içindən 9 milyon avroluq qızıl xəzinəsi çıxdı
Belçikada təmir işləri zamanı işçilər divarın içində gizlədilmiş milyonlarla avro dəyərində qızıl tapıblar. Tapıntının kimə məxsus olduğu və binada nə vaxt gizlədildiyi araşdırılır. Hadisənin yayılmasından sonra əraziyə qızıl axtarmaq istəyən çoxsaylı şəxslər gəlib.
Crossmedia.az xəbər verir ki, Belçikanın Dendermonde şəhərində “CAW” sosial yardım təşkilatına məxsus köhnə binada təmir aparan işçilər zirzəmidəki divarı sökərkən sandıq aşkarlayıblar. İnşaat şirkəti “De Brand” əməkdaşlarının açdığı sandıqdan çox sayda qızıl külçə və sikkə çıxıb. Hadisə barədə bina sahibi və hüquq-mühafizə orqanları məlumatlandırılıb, qızıllar müsadirə edilərək təhlükəsiz yerə aparılıb.
Şərqi Flandriya Prokurorluğu xəzinənin kimə məxsus olduğunu, binada nə vaxt və kim tərəfindən gizlədildiyini, həmçinin qızılların qanuni yolla əldə edilib-edilmədiyini müəyyənləşdirmək üçün araşdırma başladıb. Təxminən 9 milyon avro dəyərində olduğu bildirilən xəzinənin son sahibinin kim olacağı isə hələ məlum deyil.
17:09 14.08.2026
Oxunuş sayı: 47