Netanyahu Ərdoğanı məhkəməyə verir - vəziyyət qarışır
Son dövrlərdə İsrailin Yaxın Şərqdə apardığı siyasət Türkiyə ilə yanaşı, beynəlxalq ictimaiyyətin də ciddi reaksiyasına səbəb olub. Qəzzadakı hərbi əməliyyatlarla bağlı müxtəlif ölkələrdə etiraz aksiyaları keçirilib, İsrail rəhbərliyinə qarşı beynəlxalq hüquq müstəvisində də addımlar atılıb. Türkiyə də Qəzzada mülki əhalinin, o cümlədən qadın və uşaqların öldürülməsinə etiraz edib və İsrailə qarşı mövqeyini dəfələrlə açıqlayıb. Ankara ilə Təl-Əviv arasında son dövrdə artan siyasi gərginlik qarşılıqlı hüquqi addımlarla daha fərqli müstəviyə keçib. Tərəflərin bir-birinə qarşı beynəlxalq hüquq və məhkəmə mexanizmlərindən istifadə imkanlarını gündəmə gətirməsi münasibətlərdə yeni mərhələnin formalaşdığını göstərir. Bu prosesin Türkiyə-İsrail münasibətlərinin gələcək istiqamətinə və regiondakı siyasi dinamikaya necə yansıyacağı diqqət çəkir. Hətta Netanyahunun Ərdoğanı məhkəməyə verəcəyi açıqlaması müzakirələri daha da genişləndirib.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə İsrail arasında münasibətlərin getdikcə daha da pisləşməsi İsrailin apardığı siyasətlə bağlıdır:
“Son zamanlar İsrailin Yaxın Şərqdə apardığı siyasət təkcə Türkiyənin deyil, beynəlxalq ictimaiyyətin də etirazına səbəb olub. Avropa ölkələrində İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara etiraz aksiyaları keçirilib, Netanyahu və onun kabinetinə qarşı müxtəlif sanksiyalar tətbiq edilib. Bütün bu hadisələr fonunda Türkiyə Qəzzada qadınların və uşaqların öldürülməsinə etiraz edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə Netanyahunun hərəkətlərini Hitlerlə müqayisə edib. Türkiyə ilə İsrail arasında diplomatik və ticarət əlaqələri də dayandırılıb.
Belə həssas bir dövrdə Netanyahunun Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı zamanı dünyanın 70-dən artıq dövlətinin nümayəndəsinin zalı tərk etməsi diqqət çəkdi. O, yarıboş zala müraciət edərək İsrailin siyasətinə haqq qazandırmağa çalışdı. Müxtəlif mənbələr də həmin çıxış zamanı çoxsaylı nümayəndə heyətlərinin zalı tərk etdiyini təsdiqləyir”.
Politoloq qeyd edib ki, bu baxımdan Türkiyə ilə İsrail arasında münasibətlərin getdikcə daha da pisləşməsi təbiidir:
“Hesab edirəm ki, bu, İsrailin apardığı siyasətlə bağlıdır. İsrailin Türkiyəyə qarşı hüquqi əsasları yoxdur və beynəlxalq hüquq müstəvisində Türkiyəyə qarşı hər hansı addım atması mümkün deyil. Təəssüf ki, indiki dövrdə beynəlxalq hüquq mexanizmlərinin, o cümlədən Birləşmiş Millətlər Təşkilatının mexanizmlərinin effektivliyi ilə bağlı ciddi suallar yaranır. Bununla yanaşı, Netanyahunun özünə qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı verilib. Bundan əlavə, İsraildə də Netanyahu ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edir. Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu barəsində həbs qərarı 21 noyabr 2024-cü ildə çıxarılıb. İsrail dövlətinin rəhbərliyinin apardığı siyasət dünyanın müxtəlif ölkələri tərəfindən ciddi tənqid olunur. Türkiyə də müsəlmanların öldürülməsinə etiraz edir.
İsrail hüquqi müstəvidə Türkiyəyə qarşı ciddi əsas irəli sürə bilməz. Bununla yanaşı, Türkiyəyə qarşı müəyyən koalisiyalar yaratmağa çalışır. Yunanıstanla birlikdə Aralıq dənizi və Egey dənizi istiqamətində Türkiyəyə qarşı müəyyən addımlar atmaq istəyirlər”.
Nuray Mehtiyeva
18:45 28.09.2026
Oxunuş sayı: 45