ABŞ-nin neft ehtiyatları kritik həddə düşüb
ABŞ-nin strateji neft ehtiyatları 283,8 milyon barelə qədər azalıb.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, sentyabrın 25-də başa çatan həftənin sonunda ölkənin strateji neft ehtiyatlarında 283,8 milyon barel xammal qalıb. Bu, 1982-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir.
Bundan əvvəl daha aşağı səviyyə 22 oktyabr 1982-ci ildə qeydə alınıb. Həmin vaxt strateji ehtiyatların həcmi 283,393 milyon barel təşkil edib.
1970-ci illərin əvvəllərində ərəb ölkələrinin neft embarqosunun yaratdığı enerji böhranından sonra yaradılan strateji neft ehtiyatı ABŞ-ı tədarükdə qəfil yaranan çatışmazlıqlardan qorumaq üçün nəzərdə tutulub. Ehtiyatların ümumi tutumu 714 milyon barelə qədərdir və neft Luiziana və Texas ştatlarında Meksika körfəzi sahillərində yerləşən yeraltı duz mağaralarında saxlanılır.
Məlumata görə, strateji ehtiyatlarda neft həcmi yaz aylarından etibarən azalır. “Goldman Sachs”ın məlumatlarına əsasən, xam neft və neft məhsullarının ehtiyatları rekord sürətlə azalır. Yaxın Şərqdə uzun müddətdir davam edən münaqişənin tədarükə təsiri fonunda 2026-cı ilin mayında görünən xammal ehtiyatları sutkada 8,7 milyon barel azalıb.
20:22 28.09.2026
Oxunuş sayı: 39