Bakı ətrafında ev almaq istəyənlər DİQQƏT: bu ərazidə bahalaşma olacaq
Bakıətrafı ərazilərdə dəmir yolu nəqliyyatının inkişafı istiqamətində yeni layihələr nəzərdə tutulur. 2025–2030-cu illər üzrə Dövlət Proqramına əsasən, Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, mövcud stansiyaların yenilənməsi və yeni dayanacaqların yaradılması planlaşdırılır.
Nəqliyyat əlçatanlığının yaxşılaşması həmin ərazilərdə yaşayış və kommersiya aktivliyinə, dolayısıyla daşınmaz əmlaka tələbat və qiymətlərə də təsir göstərə bilər. Bəs dəmir yolu infrastrukturunun genişləndirilməsi Bakıətrafı ərazilərdə torpaq və mənzil bazarına necə təsir edəcək?
Crossmedia.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində müşahidə olunan avtomobil tıxaclarının Bakıətrafı ərazilərdə daşınmaz əmlaka tələbat və həmin ərazilərdə yaşayan insanların mərkəzlə əlaqəsi baxımından müəyyən çətinliklər yaratdığını bildirib.

Onun sözlərinə görə, vətəndaşlar bir ünvandan digərinə getmək üçün bəzən bir neçə saatlarını yollarda itirirlər. Bu vəziyyət xüsusilə metro və dəmir yolu stansiyalarının olmadığı Bakıətrafı ərazilərdə yaşayan və paytaxtın mərkəzində işləyən insanlar üçün gediş-gəlişi çətinləşdirir: “Hazırkı vəziyyətə baxsaq, hal-hazırda paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində ciddi şəkildə avtomobil tıxacları müşahidə olunur. Vətəndaşlar bir ünvandan digər ünvana getmək üçün bəzən bir neçə saatlarını sadəcə yollarda itirirlər”.
Bakıətrafı ərazilərdə yeni dəmir yolu xətlərinin çəkilməsi ilə bağlı prosesə diqqət çəkən ekspert bunun həmin ərazilərlə paytaxtın mərkəzi arasında gediş-gəlişi asanlaşdıra biləcəyini bildirib: “Artıq paytaxtın bir çox ərazilərində, yəni Bakıətrafı ərazilərdə kənd və qəsəbələrə yeni dəmir yolu xəttinin çəkilişinə start verildiyinə görə düşünürəm ki, yaxın gələcəkdə həmin ərazilərə dəmir yolu xətti işlədikdə vətəndaşlar üçün böyük bir töhfə olacaq. Həmin ərazidən mərkəzə, 28 May metrosu və dəmir yolu vağzalına gəlib-gedən insanlar üçün bu, məsafə baxımından vaxt itkisinin qarşısını ala bilər”.
Elnur Fərzəliyev hesab edir ki, nəqliyyat imkanlarının yaxşılaşması həmin ərazilərdə daşınmaz əmlak bazarına da təsir göstərə bilər: “Bu, özlüyündə artıq həmin ərazilərdə əmlakların qiymətlərinin artmasına və tələbatın yüksəlməsinə gətirib çıxara bilər. Hazırda paytaxtın mərkəzi ərazilərində bir çox istiqamətdə söküntü işləri aparılır. Bu söküntülərin böyük hissəsi dövlət tərəfindən həyata keçirilir. Torpaqların dövlət ehtiyacı üçün alınması prosesində vətəndaşlara kompensasiya olaraq pul verilir”.
Ekspertin sözlərinə görə, evlərinin ümumi sahəsi kiçik olan vətəndaşların bir qismi daha çox Bakıətrafı ərazilərə üstünlük verir: “Evlərinin ümumi sahəsi kiçik olan vətəndaşlar daha çox Bakıətrafı ərazilərə üstünlük verirlər. Bunlar da təbii ki, nəqliyyat problemlərini, tıxacla bağlı çətinlikləri yaşayırdılar. Dəmir yolu xəttinin çəkilişi məsafəni qısaltmaqla artıq vətəndaşların vaxt itkisinin qarşısını ala bilər. Bu da həmin ərazidə həm daşınmaz əmlakların satış, həm də kirayə qiymətlərini artıra və tələbatı yüksəldə bilər”.
Nigar Xəlilli
19:30 28.09.2026
Oxunuş sayı: 46