İranın sanksiyalardan yayınma üsulu üzə çıxıb
İranın ABŞ sanksiyalarından yayınmaq və qeyri-rəsmi bank sistemini dəstəkləmək üçün Tether-in USDT stabilkoinindən daha çox istifadə etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə ABŞ Senatının araşdırmasına istinadən məlumat yayıb.
Senatın İstintaq üzrə Daimi Alt Komitəsinin hazırladığı hesabatda ABŞ və İsrail tərəfindən İranla əlaqələrə görə sanksiya tətbiq edilmiş 846 kriptovalyuta cüzdanının araşdırıldığı qeyd olunur. Hesabata görə, bu cüzdanların 84 faizi bütün və ya demək olar ki, bütün əməliyyatlarını USDT ilə həyata keçirib.
Hesabatda USDT-nin İran üçün ödəniş vasitəsinə çevrildiyi və ölkənin qeyri-rəsmi maliyyə sistemində istifadə olunduğu iddia edilir. ABŞ Senatının araşdırmasına əsasən, kriptovalyutadan regional silahlı qruplaşmaların, o cümlədən “Hizbullah”ın maliyyələşdirilməsi üçün də istifadə edilib.
ABŞ Senatının daha əvvəl yaydığı məlumatlarda da İranın sanksiyalardan yayınmaq və maliyyə əməliyyatlarını həyata keçirmək üçün rəqəmsal aktivlərdən istifadə etdiyi bildirilib.
19:21 28.09.2026
Oxunuş sayı: 34