Valideynlərə xəbərdarlıq: Övladınızın şəklini paylaşmazdan əvvəl bunu düşünün!
Sosial şəbəkələrdə valideynlərin övladlarının uğurları ilə bağlı paylaşımlar etməsi geniş yayılıb. Xüsusən uşaqların təhsil nailiyyətləri, fərdi inkişafı və ali məktəbə qəbul uğurları valideynlər tərəfindən sosial şəbəkələrdə paylaşılır. Bəzən bu cür paylaşımlar qohumlar arasında da narazılıqlara səbəb olur. Valideynlərin yeniyetmə və gənc övladlarının razılığı olmadan onların şəxsi həyatları və uğurları ilə bağlı paylaşım etməsi isə ailədaxili münasibətlərdə müəyyən anlaşılmazlıqlar yarada bilər. Bu baxımdan, valideynlərin övladlarının razılığını almadan sosial şəbəkələrdə paylaşım etməsi məsələsi də diqqət çəkir.
Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə insanların bu kimi paylaşımları geniş yayılıb:

“Ümumiyyətlə, sosial şəbəkələrdə insanların bu kimi paylaşımları geniş yayılıb. Xüsusən də valideynlər çox zaman uşaqlarının uğurlarını, fərdi inkişafını və təhsil nailiyyətlərini sosial şəbəkələr vasitəsilə bölüşürlər. Bu, ölkəmizdə geniş yayılmış məsələlərdən biridir. Qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə bu, bəzən bir yarışa da çevrilir. Xüsusən ali məktəbə qəbul zamanı valideynlər uşaqlarının uğurlarını paylaşırlar. Hətta bəzən valideynlərlə yanaşı, digər qohumlar da öz yaxınlarının paylaşımını edirlər. Belə faktlar da mövcuddur ki, bu, qohumlar arasında müəyyən küsülülüyə və narazılığa səbəb olur. Bəzən bir qohum digərinin icazəsi olmadan onun sevincini paylaşır və bu da narazılıq yaradır. Ancaq bütövlükdə valideyn-övlad münasibətlərinə və xüsusən valideynlərin uşaqları ilə bağlı sosial şəbəkə paylaşımlarına nəzər yetirsək, uşaqlıq dövründə bu, müəyyən qədər başa düşülən ola bilər. Ancaq yeniyetməlik və gənclik dövründə valideynlərin uşaqları haqqında paylaşım etməsi indiki yeniyetmə və gənclər tərəfindən elə də yaxşı qarşılanmır”.
Sosioloq qeyd edib ki, gənclərin və yeniyetmələrin böyük hissəsi valideynlərinin bunu niyə və nə üçün paylaşdığını sual edirlər:
“Belə narazılıqlar ailədaxili münasibətlərdə tez-tez baş verir. Çox zaman uşaqlar belə hallarda valideynlərdən küsmək, incimək və etirazlarını bildirmək kimi emosional reaksiyalar yaşayırlar.
Nəzərə almaq lazımdır ki, bəzən valideyn üçün çox sevindirici olan bir hadisə uşaq haqqında paylaşım edildikdə, uşaq tərəfindən çox həssaslıqla və ya valideynin düşünmədiyi şəkildə qarşılanır. Xüsusən indiki dövrdə onlayn asılılığın geniş yayıldığı və yeniyetmə-gənclərin sosial-mədəni həyatına təsirinin gücləndiyi bir vaxtda onlar şəxsi həyatlarını, hətta uğurlarını belə çox zaman bölüşmək və paylaşmaq istəmirlər. Xüsusən də bunun valideynləri tərəfindən edilməsini istəmirlər. Buna görə də uşağın razılığı olmadan edilən bu paylaşımlar onun gələcək həyatından əvvəl, elə bugünkü həyatında müəyyən narazılığa, bəzən əsəbə və etiraza səbəb ola bilər. Ona görə yaxşı olar ki, valideynlər belə paylaşımlar edərkən uşaqlarının, xüsusən yeniyetmə və gənclərin razılığını alsınlar. Bu halda həm onların küsməsi və narazılığı ilə qarşılaşmazlar, həm də onların bir şəxsiyyət kimi gələcəkdə formalaşmasına müsbət təsir göstərə bilərlər. Həmin yeniyetmə və gənclər də gələcəkdə öz paylaşım və davranışlarında daha diqqətli olar, qarşı tərəfin razılığının alınmasının vacibliyini nəzərə alarlar”.
Nuray Mehtiyeva
20:30 28.09.2026
Oxunuş sayı: 41