Universitetlərdə ən çox yer bu ixtisaslara ayrıldı - abituriyentlərin nəzərinə
İxtisas qrupları üzrə plan yerlərinin açıqlanması ilə abituriyentlər qarşısında ixtisas seçimi mərhələsi başlayır. Bu mərhələdə yalnız toplanan bala deyil, dövlət sifarişli yerlərin bölgüsünə, nisbi bal məhdudiyyətlərinə, əvvəlki illərin keçid ballarına, reytinqlərə və ailənin maliyyə imkanlarına da diqqət yetirmək vacibdir. Ekspertlər bildirirlər ki, düzgün ixtisas seçimi abituriyentin qəbul şansını əhəmiyyətli dərəcədə dəyişə bilər.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, bu il plan yerlərinin formalaşdırılmasında müəyyən istiqamətlər üzrə ciddi fərqlər diqqəti cəlb edir:
"Üçüncü ixtisas qrupu üzrə ümumilikdə 4028 dövlət sifarişli plan yeri ayrılıb. Lakin bu yerlərin ixtisaslar üzrə paylanmasında böyük bir asimmetriya mövcuddur.
Ən çox dövlət sifarişli yer hüquqşünaslıq və xarici dil müəllimliyi ixtisaslarına ayrılıb. Müvafiq olaraq 600 və 460 yer bu istiqamətlərə verilib. Bu isə humanitar blokda ən yüksək rəqabətin və ən yüksək keçid ballarının məhz bu sahələrdə, bu ixtisaslarda qeydə alınacağını qaçılmaz edir. Məsələn, ədəbi yaradıcılıq və ekran dramaturgiyası kimi dar profilli ixtisaslara cəmi 25 dövlət sifarişli yer ayrılıb.
İkinci qrupda isə iqtisadiyyat, maliyyə və menecment yönümlü ingilisdilli proqramlara tələbat fonunda regional universitetlərin payının genişləndiyini, klassik iqtisadi ixtisasların plan yerlərində isə optimallaşdırma aparıldığını görmək olur.
Bu il ixtisas seçimində abituriyentlərin ən çox diqqət yetirməli olduğu məqamlardan biri nisbi bal məhdudiyyətləridir. Dövlət ali təhsil müəssisələrində, burada ADA Universiteti istisnadır, tədrisi ingilis dilində olan proqramlar, həmçinin III qrupda tərcümə, filologiya, xarici dil müəllimliyi və beynəlxalq münasibətlər ixtisaslarının müsabiqəsinə qəbul üçün xarici dil fənni üzrə nisbi bal məhdudiyyəti minimum 40 olaraq müəyyənləşdirilib”.
Ekspert qeyd edib ki, abituriyentin ümumi balı müsabiqə şərtini ödəsə belə, xarici dildən nisbi balı 40-dan aşağıdırsa, o, həmin ixtisasları seçə bilməz: “Cari ilin qaydalarında sosialyönümlü və regional əhəmiyyətli ixtisaslar üçün xüsusi güzəştlər tətbiq olunub. Belə ki, regionşünaslıq, muzey və arxiv işi, sosial iş kimi ixtisasların ödənişli yerləri üçün minimal keçid həddi ümumi bal üzrə 150-yə, ikinci mərhələdə isə 50 bala endirilib. Dövlət sifarişi üçün standart olaraq 200/100 şərti qüvvədə qalsa da, yəni ümumi bal 200, ikinci mərhələdə isə 100 bal tələb olunsa da, bu endirim nisbətən aşağı bal toplayan, lakin tələbə adını qazanmaq istəyən abituriyentlər üçün böyük şansdır. Hesab edirəm ki, cari ilin 12-19 avqust tarixlərində keçiriləcək ixtisas seçimi zamanı texniki və strateji səhvlərə yol verməmək üçün bir neçə prinsipə əməl edilməlidir.
Ötən illərin keçid balları yalnız təxmini xarakter daşıdığı üçün hesab edirəm ki, burada yalnız keçid ballarına deyil, həm də reytinqə baxılmalıdır. Əsas meyar abituriyentin cari ildəki bal intervallarında tutduğu sıradır.
III qrupda həm dil-tarix, həm də tarix-coğrafiya altqrupu üzrə imtahan verənlər 15 ixtisas kodu daxilində hər iki altqrupun proqramlarını balanslı şəkildə yerləşdirməlidirlər.
Eyni zamanda, ilk 1-5-ci yerlərə arzuolunan, lakin qeyri-real, yəni abituriyentin topladığı baldan yüksək olan ixtisaslar; 6-11-ci yerlərə balına tam uyğun ixtisaslar; 12-15-ci yerlərə isə mütləq qəbulu təmin edən, burada region universitetləri və ödənişli yerlər də ola bilər, ixtisaslar seçilməlidir.
Ödənişli əsaslarla təhsil seçərkən bəzi universitetlərdə qiymət dəyişikliklərini və ailə büdcəsinin dörd illik dayanıqlığını mütləq nəzərə almaq lazımdır. Hesab edirəm ki, bu, maliyyə risklərini də sığortalamış olacaq.
İxtisas seçimi sadəcə texniki kodlaşdırma deyil, əlbəttə, böyük bir riyazi ehtimal təhlilidir. Abituriyentlər və valideynlər mütləq Dövlət İmtahan Mərkəzinin rəsmi statistik materiallarına əsaslanmalıdırlar.
Subbakalavrların müsabiqəyə qoşulma intensivliyini və özəl universitetlərin dövlət sifarişli yerlərinin dolma dinamikasını da abituriyentlərin düzgün qiymətləndirməsi daha yaxşı olar".
Zeynəb Həsən
12:45 11.08.2026
Oxunuş sayı: 87