İranla ABŞ-nin "ulduzu niyə barışmır?"
1979-cu ildən bəri Yaxın Şərqin səmasında bitmək bilməyən bir "qranit alaqaranlıq" hökm sürür. Bu, nə tam sülhdür, nə də klassik mənada müharibə. Bəziləri ABŞ və İran arasındakı bu onilliklərlə davam edən qarşıdurmanı "müharibə" adlandırmağa tələsir, lakin tarixin və hərb elminin dərsləri bizə fərqli bir həqiqəti pıçıldayır: real müharibə çəkmə izlərinin torpağa basıldığı, quru qoşunlarının göz-gözə gəldiyi an başlayır. Bugünkü dünya isə fərqli bir səhnəyə şahiddir-kölgə döyüşləri, kəşfiyyat sui-qəsdləri, nöqtəvi raket zərbələri və raketlərlə ölçülən güc nümayişləri. Bu, Böyük Güclərin bir-birini mənəvi və iqtisadi baxımdan yormaq, lakin qırmızı xətləri keçmədən idarə olunan xaos yaratmaq strategiyasıdır. Bəs okeanın o tayındakı güclə, artıq itirəcəyi bir şey qalmadığını düşünən bir dövlətin bu təhlükəli rəqsi regiona və qlobal neft bazarında dalğalanan gələcəyimizə real olaraq nə vəd edir?

Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib.
"Bu regionda 1979-cu ildən bəri gərginlik hökm sürür. 1979-cu ildən bəri tərəflər bir-birini məhv etməklə, müharibə ilə hədələyirlər və bu proses hələ də davam edir. Məncə, bu, tam anlamı ilə müharibə deyil. Çünki, genişmiqyaslı müharibə o deməkdir ki, bir ölkənin quru qoşunları ilə digər ölkənin quru qoşunları bir-biri ilə birbaşa toqquşur. Raket zərbələrini, bombalamağı və bu kimi addımları tam müharibə kimi qiymətləndirmək çətindir. Məsələn, son 50 ildə — İkinci Dünya müharibəsindən sonra — Amerika nə qədər ölkəyə raket atıb: Somali, Sudan, Liviya, Livan və s. Xeyli ölkəni bombalayıb, nə qədər raket zərbəsi endirib, Panamada çevriliş edib, başqa Latın Amerikası ölkələrinə müdaxilə edib. İndi bunların hamısına müharibə desək, düzgün alınmaz. Müharibə konkret Rusiya ilə Ukrayna arasında gedən proseadir. ABŞ ilə İran arasında baş verənləri daha çox iri və genişmiqyaslı, amma qısamüddətli toqquşmalar kimi qiymətləndirsək, daha doğru olar.
Politoloq ABŞ ilə İran arasında quru qoşunlarının müdaxiləsi ilə müşayiət olunan genişmiqyaslı bir müharibə gözləmədiyini qeyd edib: "ABŞ İrana ordu yeridən deyil. Onlar hətta Hörmüz boğazını nəzarətə götürmək riskinə də getmirlər. Lakin bu raket zərbələri, bombalamalar davam edə bilər. Yenə ABŞ İranda kimisə vura bilər və s.
Baş verənlər nəticəsində region ölkələri gərginlikdə qalır, zərbələr dəyir, neftin qiyməti qalxıb-düşür, infrastruktur dağılır. Bu da əsasən neft məsələsində və digər sahələrdə bölgə ölkələrinin narahatlığını artırır. ABŞ okeanın o tayındadır, İranın isə artıq itirəsi bir şeyi qalmayıb: ona görə də xalqı da, dövləti də hər ssenariyə hazırdır. Düşünmürəm ki, bu vəziyyət İrana bundan artıq ciddi bir təsir göstərə bilsin".
Turqut Ansari
15:00 24.07.2026
Oxunuş sayı: 65