İsrail ordusu Livanın cənubuna zərbələr endirib
İsrail ordusu Livanın cənubunda bir sıra yaşayış məntəqələrinə hava və artilleriya zərbələri endirib, həmçinin bəzi ərazilərə daxil olaraq obyektlərə zərər vurub.
Crossmedia.az xəbər verir ki, Livanın rəsmi Milli Xəbər Agentliyi (NNA) bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail təyyarələri Nəbatiyyə vilayətinin Şərqi Zəvtər və Bəni Həyyən qəsəbələrini hədəfə alıb. İsrail ordusu həmçinin Mərciyun rayonunun Deyr Siryan qəsəbəsində partlayış törədib.
Hanazir vadisinə endirilən artilleriya zərbələri nəticəsində ərazidə yanğın baş verib. İsrailə məxsus pilotsuz uçuş aparatı isə Kəfərtəbniit və Yuxarı Nəbatiyyə qəsəbələri arasındakı əraziyə zərbə endirib.
Kəfərtəbniit, Həbbarıyə, Şərqi Zəvtər, Mifədun və Yuxarı Nəbatiyyə qəsəbələrinin ətrafı da artilleriya atəşinə tutulub.
Bundan başqa, İsrail ordusunun bölməsi səhər saatlarında Kəfər Şuba qəsəbəsinin kənd ərazisində yerləşən Sədana bölgəsinə daxil olub. İsrail hərbçiləri içərisində çobanların olduğu fermalardan birini mühasirəyə alaraq ətrafına atəş açıblar. Eyni vaxtda Sədana ətrafı da artilleriya atəşinə tutulub.
İsrail hərbçilərinin işğal altında saxlanılan Xiyam qəsəbəsində bəzi evləri yandırdığı da bildirilib.
Xatırladaq ki, İsrail ordusu martın 2-də Livana qarşı intensiv hava hücumlarına başlayıb və ölkənin cənubundakı onlarla yaşayış məntəqəsini işğal edib. Livan hökuməti həmin dövrdə ölkə daxilində məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlamışdı.
Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minən atəşkəs sonradan bir neçə dəfə uzadılıb. Daha sonra Vaşinqtonda aparılan birbaşa danışıqların beşinci raundundan sonra iyunun 26-da tərəflər arasında çərçivə sazişi imzalanıb. “Reuters”in məlumatına görə, saziş ABŞ-ın vasitəçiliyi ilə əldə olunub və Livanın cənubunda təhlükəsizliyin təmin edilməsi ilə bağlı mexanizmləri nəzərdə tutur.
Livan Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən, martın 2-dən etibarən İsrailin ölkəyə həyata keçirdiyi hücumlarda azı 4 386 nəfər həyatını itirib.
02:20 26.09.2026
Oxunuş sayı: 42