ABŞ və İranın "Burada mənəm, Bağdadda kor xəlifə" ritorikası: İlk addımı kim atacaq?
Rəsmi Vaşinqton və Tehran arasındakı gərginlik Yaxın Şərqdən Cənubi Qafqaza qədər böyük bir coğrafiyanı daimi bir alatoranlıqda saxlayır. Lakin bu qarşıdurma kor-koranə bir düşmənçilikdən ziyadə, hər gedişi zərgər dəqiqliyi ilə hesablanmış riskli bir şahmat oyununu xatırladır. Tərəflər gərginlik temperaturunu davamlı olaraq kritik həddə qaldıraraq rəqibini geri çəkilməyə məcbur etməyə çalışsalar da, alovun özlərini də udacağı sərhədi yaxşı bilirlər. Bu, sadəcə iki ölkənin güc nümayişi deyil - bir qığılcımla bütün qlobal balansı alt-üst edə biləcək fəlakətin düz astanasında gedən incə, soyuqqanlı və idarə olunan bir tarazlıq sənətidir. Son vaxtlar isə ABŞ və İran arasındakı gərginliyin intensivləşməsi regionda yenidən qorxu küləyi əsdirib.

Məhz mövzunun ciddiyəti və müharibə riski ilə əlaqədar siyasi şərhçi Nigar Allahverdiyeva Crossmedia.az-a açıqlama verib:
"ABŞ və İran arasında zaman-zaman alovlanan gərginliklər Yaxın Şərqdən tutmuş Cənubi Qafqaza qədər geniş bir coğrafiyada təhlükəsizlik dinamikasına bilavasitə təsir göstərən həssas amillərdəndir. Gərginliyin miqyasca böyüyüb tamşəkilli geniş regional müharibəyə çevrilməsi ehtimalını qiymətləndirərkən məsələyə həm hərbi-strateji, həm də diplomatik balansı nəzərə alan soyuqqanlı prizmadan yanaşmaq lazımdır".
Ekspertin sözlərinə görə, tərəflər arasında qarşılıqlı təzyiq və çəkindirmə taktikaları pik həddə çatsa da, genişmiqyaslı və uzunmüddətli hərbi toqquşma heç bir aktor üçün strateji baxımdan arzuolunan ssenari deyil:
"Vaşinqton üçün Yaxın Şərqdə nəzarətdən çıxan böyük bir müharibə qlobal enerji bazarlarında ciddi sarsıntılara və resursların tükənməsinə yol aça bilər. Tehran üçün isə birbaşa hərbi eskalasiya ölkənin daxili sabitliyi və regional təhlükəsizliyi baxımından yüksək risklər daşıyır. Bu səbəbdən, tərəflər daha çox təsir imkanlarını artırmaq və danışıqlar masasında öz mövqelərini gücləndirmək üçün gərginliyi idarəolunan çərçivədə tutmağa üstünlük verirlər.
Məsələni diplomatik baxımdan vizuallaşdırsaq, bu mənzərə fırtınalı dənizdə gəminin tarazlıq saxlamasına bənzəyir. Tərəflər gərginlik dalğalarını yüksəldərək qarşı tərəfə öz şərtlərini diktə etməyə çalışsalar da, "gəminin tamamən batması", yəni idarəolunmaz bir müharibənin başlaması heç bir tərəfin maraqlarına xidmət etmir".
Turqut Ansari
11:00 24.07.2026
Oxunuş sayı: 32