Vardanyanın həyat yoldaşı Bakıya səfər üçün hərəkətə keçdi
Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Bakıya planlaşdırılan mümkün səfərlə bağlı bir sıra rəsmi şəxslərə və beynəlxalq təşkilatlara açıq məktublar göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Zonabend bildirib ki, təşəbbüsün məqsədi humanitar xarakter daşıyır. Onun sözlərinə görə, qadın nümayəndə heyəti Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə görüşmək, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarını ziyarət etmək, onların yaxınlarından məktublar, fotoşəkillər və icazə verilən şəxsi əşyaları çatdırmaq niyyətindədir.
O qeyd edib ki, səfərin yalnız rəsmi və diplomatik kanallar vasitəsilə hazırlanmasını vacib hesab edir. Veronika Zonabend mümkün səfərin bütün mərhələlərinin – Azərbaycana girişin, saxlanılan şəxslərlə görüşün və nümayəndə heyətinin təhlükəsiz şəkildə geri qayıtmasının əvvəlcədən razılaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Məlumata görə, məktublar Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevaya, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç-Eqqerə, Ermənistanın Baş naziri Nikol Paşinyana və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa göndərilib.
15:44 08.07.2026
Oxunuş sayı: 55