KİV: İran müharibəsindən sonra Alyaskada benzinin qiyməti 9 dollara çatıb
ABŞ-nin Alyaska ştatının ucqar bölgələrində İranla müharibədən sonra yanacaq qiymətlərinin sürətlə artması sakinlər arasında ciddi narahatlığa səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Nəşrin yazdığına görə, bəzi yaşayış məntəqələrində benzinin qiyməti bir qallon üçün 9–10 dollara yüksəlib. Bunun əsas səbəbi həmin ərazilərin avtomobil yolları ilə ştatın digər hissələri ilə əlaqəsinin olmaması və yanacağın yalnız yay aylarında buzlar əridikdən sonra barjalarla daşınmasıdır. Bu səbəbdən qiymətlər növbəti tədarükədək sabit qalır və dünya bazarında ucuzlaşma yerli istehlakçılara dərhal təsir etmir.
WSJ qeyd edir ki, paradoks ondadır ki, Alyaska böyük neft ehtiyatlarına malikdir və ABŞ Prezidenti Donald Tramp ştatı ölkənin enerji mərkəzinə çevirməyi vəd etsə də, bunun faydası ucqar bölgələrdə yaşayan əhaliyə hələ çatmayıb.
Məlumata görə, Dillinqhem şəhərində benzinin və istilik yanacağının qiyməti təxminən 9 dollar/qallon təşkil edir. Şəhər rəhbərliyi 2027-ci maliyyə ilində yalnız binaların qızdırılması və nəqliyyat üçün yanacağa əlavə 166 min dollar xərclənəcəyini hesablayıb.
Nəşr yazır ki, ştatın şimalında Pikka və Willow kimi iri neft layihələri həyata keçirilsə də, vergi güzəştləri və torpaqların federal statusu Alyaskanın bu layihələrdən əldə edəcəyi gəlirləri məhdudlaşdırır.
WSJ-nin qiymətləndirməsinə görə, bahalaşma siyasi baxımdan da Respublikaçılar Partiyası üçün risk yaradır. Qəzet qeyd edir ki, kənd yerlərində İranla müharibə və yanacaq qiymətlərinin artması fonunda narazılıq artır və bu amil Senata seçkilərdə respublikaçı Den Sallivanla demokrat Meri Peltola arasındakı rəqabətə təsir göstərə bilər.
13:12 07.07.2026
Oxunuş sayı: 59