Putin baş qərərgah rəisindən gündə 2 dəfə hesabat alır
Rusiya hərbi-sənaye kompleksi istehsal imkanlarının yuxarı həddinə yaxınlaşıb, cəbhədə irəliləyiş tempi isə əhəmiyyətli dərəcədə zəifləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin Qərb kəşfiyyat mənbələrinə istinadən yazdığına görə, Rusiyanın müdafiə sənayesi demək olar ki, bütün istiqamətlər üzrə istehsal baxımından plato mərhələsinə çatıb. İstisna yalnız pilotsuz uçuş aparatları və uzaqmənzilli zərbə vasitələri hesab olunur – hazırda Kreml əsas resurslarını məhz bu sahələrə yönəldir.
Məqalədə qeyd olunur ki, vəziyyət cəbhə xəttində də özünü göstərir. Black Bird Group analitiklərinin hesablamalarına əsasən, Rusiya bu ilin fevral–may aylarında 164 kvadrat kilometr əraziyə nəzarəti ələ keçirib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 1151 kvadrat kilometr olub.
Analitiklər bildirirlər ki, Ukraynanın pilotsuz sistemlərdən istifadəsi Rusiya ordusunun logistikasına, aerodromlarına, hərbi kolonlarına və neft emalı infrastrukturuna zərbələr endirərək onun canlı qüvvə və artilleriya üstünlüyünü tədricən zəiflədir.
Bununla belə, məqalədə vurğulanır ki, Rusiya hələ də ciddi hücum potensialını qoruyub saxlayır. Ordu cəbhədə idarəolunan aviasiya bombalarından geniş istifadə edir, həmçinin Ukrayna şəhərlərinə pilotsuz aparatlar və raketlərlə hücumları davam etdirir.
“Financial Times” ın həmsöhbətlərinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hələ də qələbənin zaman məsələsi olduğuna inanır. Bildirilir ki, o, Baş Qərargah rəisi Valeri Gerasimovdan gündə iki dəfəyə qədər hesabat alır və hərbi rəhbərliyin mövcud vəziyyətə nəzarətin saxlanıldığı barədə mövqeyinin təsiri altındadır.
Ekspertlər hesab edirlər ki, yeni səfərbərlik olmadan Moskva üçün cəbhədə dönüş yaratmaq çətin ola bilər və bu səbəbdən Kreml Ukraynaya təzyiqi artırmaq üçün alternativ üsullar axtara bilər.
18:48 21.06.2026
Oxunuş sayı: 71