Britaniya Ukrayna üçün ABŞ komponentləri olmadan uzaqmənzilli raketlər hazırlayır
Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan ucuz və effektiv uzaqmənzilli raketlərin hazırlanmasını nəzərdə tutan “Brakestop” proqramının icrasını sürətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, layihənin əsas xüsusiyyəti raket sistemlərində ABŞ istehsalı olan komponent və texnologiyaların istifadə edilməməsidir. Bu yanaşma Londona raketlərin Ukraynaya ötürülməsi və istifadəsi ilə bağlı qərarları Vaşinqtonun razılığı olmadan qəbul etməyə imkan verə bilər.
Yeni raketlərin 500 kilometrdən çox uçuş məsafəsinə və 225–250 kiloqramlıq döyüş başlığına malik olacağı bildirilir. Güc baxımından onlar Storm Shadow qanadlı raketlərindən geri qalsalar da, istehsal xərclərinin təxminən iki dəfə az olduğu qeyd olunur. Bir raketin qiymətinin təxminən 400 min funt sterlinq təşkil etdiyi və aylıq 40 ədədə qədər istehsal imkanının nəzərdə tutulduğu vurğulanır.
Hazırda ˝Crossbow˝, ˝TigerShark˝ və ˝SkyLance˝ adlı prototiplərin sınaqları davam edir. İlk raket partiyalarının 2026-cı ilin sonunadək Ukraynaya çatdırılmasının planlaşdırıldığı bildirilir.
Layihə Britaniyanın müdafiə sahəsində texnoloji müstəqilliyini artırmaq və ABŞ-dakı siyasi dəyişikliklərdən asılılığı azaltmaq məqsədi daşıyır.
22:12 20.06.2026
Oxunuş sayı: 51