“Cümə 13” ilə bağlı inanclar: bədbəxtlik qorxusu haradan gəlir?
Dünyanın bir çox yerində “Cümə 13” tarixi uğursuzluq və bədbəxtliklə əlaqələndirilir.
Bu inanc xurafat kimi tanınır və elmi əsas olmadan müəyyən günlərin və rəqəmlərin şans gətirməsi və ya bədbəxtlik yaratması fikrinə dayanır. Uzun illərdir həm 13 rəqəmi, həm də cümə günü “uğursuz” hesab edilir. 12 rəqəmi çox vaxt tamlıq və balans simvolu kimi qəbul edildiyindən, 13 “qeyri-adi” və mənfi mənada qiymətləndirilir. Bu səbəbdən bəzi binalarda 13-cü mərtəbə olmur, bir sıra insanlar isə həmin tarixdə vacib planlardan çəkinirlər.
Tarixi mənbələrdə cümə gününün bəzi dini və faciəvi hadisələrlə əlaqələndirildiyi qeyd olunur. Məsələn, İsanın çarmıxa çəkilməsi cümə gününə təsadüf edir. Həmçinin 1307-ci il 13 oktyabr – cümə günü “Məbədçilər ordeni” üzvlərinin kütləvi həbsi kimi hadisələr də bu qorxunun yayılmasına təsir göstərib.
Zamanla bu mövzu kitablar, qorxu hekayələri və filmlər vasitəsilə daha da populyarlaşıb. Bu gün isə bəzi insanlar “paraskevidekatriafobiya” adlanan xüsusi bir qorxu yaşayır. Lakin bunun real bir bədbəxtlik gətirdiyinə dair elmi sübut yoxdur və bir çox insan üçün bu tarix adi günlərdən biri kimi qəbul edilir.
01:38 12.06.2026
Oxunuş sayı: 41