Rusiya-Ukrayna müharibəsində gözlənilməz dönüş siqnalları
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin davam etdiyi bir vaxtda diplomatik səylərin artırılmasının vacibliyini vurğulayaraq, növbəti qış mövsümünə qədər münaqişənin həlli istiqamətində siyasi irəliləyiş əldə olunmasının zəruriliyini bəyan edib.
Onun sözlərinə görə, hərbi qarşıdurmanın dayandırılması və regionda sabitliyin bərpası üçün tərəflər arasında birbaşa dialoq və konstruktiv danışıqlar əsas şərtlərdən biridir.
Zelenskinin bu açıqlaması Rusiya-Ukrayna müharibəsinin gələcək perspektivləri ilə bağlı müzakirələrin yenidən gündəmə gəldiyi bir dövrə təsadüf edir. Daha əvvəl yayılan məlumatlarda Ukrayna liderinin müharibənin aktiv mərhələsinin bu ilin noyabr ayına qədər başa çatacağına ümid etdiyi bildirilmişdi ki, bu da rəsmi Kiyevin diplomatik həll variantlarına üstünlük verməyə başladığını göstərən siqnallardan biri kimi qiymətləndirilir.
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu gün Ukrayna-Rusiya müharibəsi kontekstində cəbhədə vəziyyət böyük ölçüdə paritet xarakter daşıyır. Hətta müəyyən mənada ötən ilin dekabr ayından etibarən Rusiya işğal etdiyi ərazilərdən daha çox itki verməyə başlayıb. Bu, artıq müşahidə olunan reallıqlardan biridir.
Digər tərəfdən, Rusiyanın cəbhəyə cəlb etdiyi hərbçilərin sayı ilə itkiləri arasındakı fərq də diqqət çəkir. Mövcud məlumatlara görə, öldürülən və sıradan çıxarılan rus hərbçilərinin sayı yeni cəlb olunanların sayını üstələməyə başlayıb.
Bu isə o deməkdir ki, Rusiya ordusunun döyüş qabiliyyətli canlı qüvvə ehtiyatı tədricən azalır. Məhz buna görə də Moskva yeni səfərbərlik dalğasına ehtiyac duyur.
Lakin belə bir addım Kremlin özü üçün olduqca qeyri-populyar qərar ola bilər. Çünki ilk genişmiqyaslı səfərbərlik zamanı ölkəni tərk edənlərin sayının 1,5-2 milyon nəfərə yaxın olduğu bildirilirdi.
Bu baxımdan, Rusiyanın paytaxt istiqamətində və müxtəlif regionlarında yaradılan hərbi-keçid məntəqələri diqqət çəkir.
İlk baxışdan bunlar Ukrayna dronlarına qarşı müdafiə tədbirləri kimi görünə bilər. Lakin həmin məntəqələrin dron hücumlarının qarşısını almaq üçün kifayət qədər effektiv olmadığı artıq görünməkdədir.
Moskva və ətrafındakı strateji obyektlərin dəfələrlə hədəfə alınması göstərdi ki, ölkənin müxtəlif bölgələrindən hava hücumundan müdafiə vasitələri paytaxta cəmləşdirilsə belə, Ukrayna dronlarının qarşısını tam şəkildə almaq mümkün deyil.
Bu səbəbdən ehtimal edilir ki, yaradılan məntəqələrin əsas məqsədi mümkün yeni səfərbərlik fonunda yarana biləcək daxili narazılıqları və təhlükəsizlik risklərini nəzarətdə saxlamaqdır.
Bu baxımdan, Ukrayna Prezidenti Volodimir Zelenskinin səsləndirdiyi fikirlərdə müəyyən həqiqət payının olduğu görünür.
Bundan əlavə, Rusiya ordusunun üzləşdiyi ən ciddi problemlərdən biri logistika məsələsidir. Müasir müharibələrdə cəbhənin davamlı təminatı canlı qüvvə, texnika, yanacaq və silah-sursat axınından asılıdır.
Əvvəllər Ukrayna pilotsuz uçuş aparatları əsasən cəbhə xəttindən 10-15 kilometr dərinlikdə fəaliyyət göstərə bilirdisə, hazırda bu məsafə 150-200 kilometrə qədər genişlənib.
Nəticədə arxa cəbhədə yerləşən sursat anbarları, yanacaq bazaları və təchizat marşrutları da hücum riskinə məruz qalır.
Dronların havada davamlı müşahidə imkanları təchizat kolonlarının hərəkətini çətinləşdirir. Bir kolonun ön hissəsindəki nəqliyyat vasitəsinin sıradan çıxarılması belə bütün marşrut üzrə hərəkətin dayanmasına səbəb ola bilir. Bu isə Rusiya üçün logistik problemləri daha da dərinləşdirir.
Hətta bəzi mənbələrdə dronlardan qorunmaq üçün yolların və müəyyən ərazilərin xüsusi tor konstruksiyalarla örtülməsi ideyaları müzakirə olunur. Lakin yüzlərlə kilometrlik ərazilərdə belə bir müdafiə sisteminin qurulması olduqca mürəkkəb və baha başa gələn layihə hesab olunur.
Bütün bunlar göstərir ki, cəbhədə Rusiyanın əvvəlki üstünlüyündən danışmaq artıq çətindir. Üstəlik, rus ordusunun itkiləri də artmaqda davam edir. Bu amillər Moskvanı atəşkəs və sülh danışıqlarına daha çox yaxınlaşdırmalı olan faktorlar kimi qiymətləndirilir.
Belə bir şəraitdə Ukrayna həm Avropa İttifaqı, həm də ABŞ ilə danışıqları intensivləşdirməyə çalışır. Kiyev tərəfi mövcud vəziyyətin əvvəlki dövrlərdən fərqli olduğunu göstərməyə çalışır.
Bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi "Ukraynanın əlində ciddi kozırlar yoxdur" fikrinin artıq reallığı əks etdirmədiyi vurğulanır. Əksinə, hazırkı vəziyyətin Ukraynanın mövqelərini müəyyən qədər gücləndirdiyi qeyd olunur.
Ukrayna Avropadakı tərəfdaşları ilə birlikdə müxtəlif növ dronların istehsalını artırır, eyni zamanda raket proqramları üzərində işləri davam etdirir. Bu istiqamətdə Kanada kimi Avropa İttifaqına üzv olmayan tərəfdaşların da prosesə qoşulması diqqət çəkir. Bir çox Qərb ölkələri artıq Ukraynanın təhlükəsizliyini öz təhlükəsizliklərinin ayrılmaz hissəsi kimi qiymətləndirirlər.
Bu fonda Rusiyaya qarşı iqtisadi təzyiqlərin artırılması, xüsusilə enerji ixracından əldə olunan gəlirlərin məhdudlaşdırılması məsələsi yenidən gündəmə gəlir. Neft və qaz satışına yönələn sanksiyalar Kremlin maliyyə imkanlarını zəiflədə biləcək əsas alətlərdən biri hesab olunur.
Digər tərəfdən, Ukrayna uzaqmənzilli dronlardan istifadə etməklə Rusiyanın dərinliklərində yerləşən neft emalı müəssisələrini, hərbi aerodromları və digər strateji obyektləri hədəfə almağa davam edir.
Artıq Rusiyanın min kilometrlərlə uzaqda yerləşən əraziləri belə təhlükəsiz zona hesab edilmir. Bu isə Moskva üzərində əlavə təzyiq yaradan amillərdən biridir.
Məhz bu səbəbdən Kiyev beynəlxalq tərəfdaşlarına mesaj verməyə çalışır ki, müharibənin dayandırılması və ədalətli sülh üçün müəyyən imkan pəncərəsi formalaşıb.
Bunun üçün Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsi, eyni zamanda Rusiyaya qarşı iqtisadi təzyiqlərin gücləndirilməsi vacib hesab edilir.
Bunun nə dərəcədə mümkün olacağı isə hələlik açıq sual olaraq qalır. Çünki Vladimir Putin üçün müharibənin nəticələri yalnız xarici siyasət deyil, həm də şəxsi siyasi gələcək məsələsi kimi qiymətləndirilir.
Bununla belə, müharibənin uzanması və vəziyyətin Rusiya üçün daha mürəkkəb xarakter alması ölkə daxilində narazılıqların artmasına səbəb ola bilər. Artıq müəyyən dairələrdə Kreml siyasətinə qarşı tənqidi yanaşmaların gücləndiyi müşahidə olunur. Bu isə anti-Putin mövqelərinin genişlənməsi ehtimalını artırır.
Nəticə etibarilə, Ukrayna rəhbərliyinin əsas məqsədi Rusiyanın hərbi, iqtisadi və siyasi imkanlarını tədricən zəiflətmək, bununla da Moskvanı danışıqlara və müharibəni dayandırmağa məcbur etməkdir.
Zelenskinin son açıqlamalarının mahiyyəti də məhz bu strateji yanaşmanı beynəlxalq tərəfdaşlara çatdırmaqdan ibarətdir".
Elmir Heydərli
10:00 02.06.2026
Oxunuş sayı: 55