İrlandiyada Azərbaycan diasporu bir araya gəldi
Azərbaycan Respublikası İrlandiya Respublikası ilə münasibətlərin inkişafına xüsusi önəm verir, iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, humanitar və mədəni sahələri əhatə edir.
Crossmedia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Dinamik inkişafı, multikultural mühiti ilə seçilən, Avropanın mühüm mədəniyyət, tarix və texnologiya mərkəzlərindən biri hesab olunan İrlandiyanın paytaxtı Dublində diaspor tarixində ilk dəfə Azərbaycan icması ilə görüş keçirilib. 28 May Müstəqillik Günü ərəfəsində Dublin və ətraf şəhərlərdə yaşayan azərbaycanlıların iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin uğurlu nəticəsidir ki, bu gün xaricdəki icmalarımız daha sıx birləşir. Diaspor təşkilatlarının əlaqələrinin güclənməsi, vahid mövqedən çıxış etməsi və dövlətimizin milli maraqlarını layiqincə müdafiə etməsi Azərbaycan diasporunun artan nüfuzunun bariz göstəricisidir” –
Bu sözləri komitə sədri çıxışında səsləndirib. Sədr, həmçinin dünya azərbaycanlılarının vahidliyini təmin edən Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin, habelə həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətinə, komitənin kommunikasiya siyasətinə toxunub, İrlandiyada yaşayan azərbaycanlıların diaspor işindəki aktivliyini yüksək qiymətləndirib.
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormak, Azərbaycan Respublikasının İrlandiyadakı ilk fəxri konsulu Terri Leyden, Türkiyə Respublikasının İrlandiyadakı Səfirliyinin ikinci katibi Pınar Çetin ölkələrimiz arasında əlaqələrin inkişafını və Azərbaycan diasporunun təcrübəsini müsbət qiymətləndirib, interaktiv, məhsuldar şəraitdə keçən görüşdən xoş təəssürat qazandıqlarını dilə gətiriblər.
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin birinci katibi Eltay Aslanov soydaşlarımızla görüşü yüksək qiymətləndirib, İrlandiyada icmalaşma prosesinin sürətləndiyini bildirib.
İrlandiyada fəaliyyət göstərən “Anna və Əşrəf” musiqi məktəbinin təsisçisi Əşrəf Tağıyev İrlandiyadakı soydaşlarımızın gördüyü işlərdən danışıb, Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin yerli cəmiyyətə tanıdılmasında bu ölkədəki icmanın mühüm rol oynadığını bildirib.
Tədbirdə ölkə başçısının çıxışlarının yer aldığı videoçarxlar nümayiş etdirilib.
Soydaşlarımız İrlandiyadakı icmaya göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə dərin minnətdarlıqlarını ifadə ediblər.
İcma görüşündə diaspor fəaliyyətindəki təcrübələr və ortaq hədəflər ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, iştirakçılar perspektivə dair təklif və suallarını səsləndiriblər.
Daha sonra İrlandiya Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçilib.
Görüş 28 May Müstəqillik Gününə həsr edilən bədii hissə ilə yekunlaşıb. “Səs Azərbaycan” layihəsinin qalibi Emiliya Təcəddinovanın, saksofon ifaçısı, “Ashraf and Anna” adlı musiqi məktəbində vokal, saksofon və fortepiano sinfində pedaqoji fəaliyyətlə məşğul olan Anna Stepanovanın ifaları qəlb oxşayıb, iştirakçılara zövqlü dəqiqələr bəxş edib.
Diaspor fəaliyyəti yalnız milli-mədəni dəyərlərin qorunması və tanıdılması ilə məhdudlaşmır, eyni zamanda ölkələr arasında dostluq körpüsünün formalaşmasına və əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır. Diaspor tarixində ilk dəfə İrlandiyada Azərbaycan icması ilə görüşün keçirilməsi məhz bu baxımdan əlamətdar hadisədir.
17:15 23.05.2026
Oxunuş sayı: 22