DİM elan etdi - imtahan nəticələri qəbul prosesinə necə təsir edəcək?
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bununla da bütün buraxılış imtahanlarında iştirak edən şagirdlərin nəticələri tam açıqlanmış oldu.
Bu il yüksək bal toplayan və maksimal nəticə göstərən abituriyentlərin olması nəticələrin ümumi səviyyəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Ekspertlər hesab edir ki, nəticələrin yüksək olması bəzi ixtisaslar üzrə keçid ballarının artmasına, aşağı olması isə müəyyən istiqamətlərdə enməsinə təsir göstərə bilər.
Bəs builki nəticələri necə qiymətləndirmək olar və bu göstəricilər qəbul prosesinə necə təsir edəcək?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev Crossmedia.az-a açıqlama verib:

“Dövlət İmtahan Mərkəzi tərəfindən artıq 12 aprel tarixində doqquzillik təhsil bazası üzrə keçirilmiş imtahanın nəticələri elan olunub. Bundan əvvəl isə 5 aprel tarixində keçirilmiş imtahanın nəticələri açıqlanmışdı.
Beləliklə, artıq hər iki imtahanın nəticələri məlumdur. Bu nəticələr əsasında görürük ki, təxminən 15-16 nəfər maksimal nəticə əldə edən abituriyent var.
Baxmayaraq ki, bu il xarici dil fənni üzrə yeni qaydalar tətbiq olunub, yenə də 300 bal toplayan şagirdlər mövcuddur. Bu isə onu deməyə əsas verir ki, imtahan sualları şagirdlər üçün cavablandırma baxımından əlverişli olub və nəticələr ümumilikdə qənaətbəxşdir”.
Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 26 aprel tarixində keçirilmiş növbəti imtahanın nəticələrində də yüksək bal toplayan abituriyentlərlə qarşılaşacağımızı gözləyirik:
“Düşünürəm ki, ümumi göstəricilər doqquzillik təhsil bazası üzrə kifayət qədər yaxşıdır. Bu nəticələr isə əsasən doqquzillik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı keçid ballarına təsir göstərəcək amillərdən biridir.
Yəni mümkündür ki, bu il bəzi ixtisaslar üzrə keçid ballarında müəyyən dəyişikliklər müşahidə olunsun. Bəzi ixtisaslarda keçid balları 1–2 bal, hətta müəyyən hallarda daha artıq yüksələ bilər. Söhbət doqquzillik baza üzrə kolleclərə qəbul prosesindən gedir”.
Ayhan
13:32 09.05.2026
Oxunuş sayı: 49