Məktəb bufetlərində satılan qidaların keyfiyyəti necədir?
Məktəblərdə bufetlərin fəaliyyəti və şagirdlərin qidalanma təhlükəsizliyi son dövrlərdə ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Aparılan monitorinqlər zamanı bəzi ümumtəhsil müəssisələrində qida məhsullarının keyfiyyəti, yararlılıq müddəti və ümumi sanitariya vəziyyəti ilə bağlı nöqsanların aşkar edilməsi bu sahədə nəzarətin daha da gücləndirilməsinin vacibliyini gündəmə gətirir.

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Crossmedia.az-a açıqlama verib: "Qeyd olunan ümumtəhsil müəssisələrində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqin keçirilməsi müsbət haldır. Təqribən hər 10 məktəbdən birində nöqsanın olması və qida riskinin aşkar edilməsi onu göstərir ki, bu istiqamətdə ciddi yoxlamalar və monitorinqlər davam etdirilməli, eyni zamanda müəyyən tədbirlər də görülməlidir. Bu halın aşkarlanması və qaldırılması nə qədər müsbət haldırsa, orta məktəblərdə təhsil alan uşaqlar Azərbaycanın gələcəyidir və onların sağlamlığı əsas diqqət mərkəzində olmalıdır. Bu sahənin problemlərinə diqqət yetirmək lazımdır. Problem ondan ibarətdir ki, bir çox halda məktəb direktorları və müvafiq qurumlar daha çox biznes sahələrinə müəyyənlərin idarə olunmasını həvalə edirlər. Biznes adamı da düşünür ki, daha ucuz məhsul alsın, qida növləri əldə etsin. Onsuz da məktəbdə heç bir əlavə alternativi olmayan məktəblərin həmin müəssisədən həm şirniyyatın, həm qidanın, həm də digər qida növlərinin alınmasından başqa variantı yoxdur. Burada tək bir variant qalır ki, məktəbli bir çox hallarda öz evindən müəyyən qida vasitələrini gətirir. Amma əsas məsələ odur ki, əksər hallarda yeganə alternativsiz ünvan olan bufetlərdən istifadə olunur. Məhsullar çox keyfiyyətsizdir. İndi aşkar olunub ki, 5 müəssisədə qadağan edilən məhsullar satılır, 23 müəssisədə isə yararlılıq müddəti bitmiş məhsulların satışı var".
Ekspertin sözlərinə görə, ümumtəhsil müəssisələrinin mütləq əksəriyyətində bufetlər seçim etdikdə ən ucuz məhsulları seçir və bunu daha çox gəlir qazanmaq üçün edirlər: " Bu da məktəblərdə keyfiyyətsiz qidalanmaya gətirib çıxarır. Düşünürəm ki, bu istiqamətdə monitorinqlər davam etməlidir. İkincisi, hansı əsaslarla bufetlərin kənar şəxslərə verilməsi və məktəb direktorlarının birbaşa bu istiqamətdə maraqlarının olub-olmaması ciddi şəkildə araşdırılmalıdır. Çünki keyfiyyətdən söhbət gedə bilməz. Qeyd olunanlar qanunsuzluq hallarıdır, ciddi nəticələrə, o cümlədən qida zəhərlənmələrinə gətirib çıxara biləcək hallardır. Bir çox valideynlər hətta öz övladlarına məktəb bufetlərindən qida almağı qadağan edirlər. Bu, çox doğru addımdır. Həmin məhsulları istehlak etmək sağlamlığa ciddi təhlükə yarada biləcək hallardır:
V. Orucun sözlərinə görə, bu vahid bir mexanizmlə idarə olunmalı, dövlətin ciddi keyfiyyət nəzarəti olmalıdır. "Təkcə son istifadə müddəti keçən və ya qadağan olunan məhsullar yox, eyni zamanda keyfiyyətsiz məhsulların satışına da qadağalar qoyulmalıdır. Daha çox sağlam yeməklərə və qidalara üstünlük verilməlidir. Çünki gənc nəsil məhz həmin məktəblərdə yetişir və onların gələcəyi qidalanma ilə birbaşa bağlıdır. Ona görə də sağlam qida prioritet olmalıdır. İkincisi, şəxsi münasibətlərə əsaslanan şəkildə bufetlərin müəyyən şəxslərə və ya biznes adamlarına verilməsi aradan qaldırılmalı və dövlət nəzarəti bu istiqamətdə daha da gücləndirilməlidir".
Fatimə
19:11 22.04.2026
Oxunuş sayı: 61