Kərkük və Türkmən faktoru - İraq Türkmənləri yenidən səhnəyə qayıdır
İraqın mürəkkəb siyasi və etnik mənzərəsi içərisində uzun illərdir diqqətdən kənarda qalan bir xalq var – Türkmənlər.
Tarixin dərin qatlarından bu günə qədər öz kimliyini qoruyub saxlayan bu toplum, regionun taleyində heç də kiçik rol oynamayıb.
Lakin son onilliklərdə baş verən geosiyasi dəyişikliklər onların həyatını kökündən dəyişib, təhlükəsizlik və hüquq məsələlərini daha da kəskinləşdirib.
Müharibə, işğal və daxili qarşıdurmalar fonunda türkmənlərin səsi çox zaman eşidilməz qalıb. Bu yazı isə məhz onların tarixi, üzləşdiyi çətinliklər və gələcək taleyi üzərində düşünmək üçün bir çağırışdır.
Məsələ ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlama verib.

O, İraq türkmənlərinin Azərbaycan soyuna yaxın olan bir xalq olduğunu, həm mədəniyyət, həm dil, həm mətbəx, istərsə də geyim mədəniyyəti baxımından Azərbaycan soyuna uyğun gələn bir xalq olduğunu deyib.
"Çox qədim tayfalardan biridir və İraq dövlətinin formalaşmasında kifayət qədər rolu vardır. İraqda yaşayan xalqlar arasında say baxımından üçüncü yerdə olan xalqdır.
Ümumilikdə, Səddam Hüseyn dövründə vahid bir dövlət strukturunda formalaşmış İraq dövlətinin həm qurulmasında, həm də inkişafında türkmənlərin özünəməxsus rolu olmuşdur".
Azad Məsiyev İraq dövlətinin ABŞ tərəfindən işğal edildikdən sonra bu ölkədə dövlətçilik strukturu ümumilikdə dağıldığını, işğaldan sonra İraqda yaşayan ayrı-ayrı xalqlar arasında ayrı-seçkilik yarandığını, hüquqların tapdalanması və təzyiqlərə məruz qalma prosesi başladığını qeyd edib.
Beləliklə, İraq işğal edildikdən sonra ölkənin təbii sərvətləri Amerika Birləşmiş Ştatları tərəfindən mənimsənildi və İraqda terror yuvasına çevriləcək qurumlar formalaşdırıldı.
"İstər PKK, istərsə də İŞİD məhz bu şəraitdə İraqda aktivləşdi. Bu cür terrorçu təşkilatlar ABŞ tərəfindən himayə olunaraq ayrı-ayrı dövlətlərə təzyiq vasitəsinə çevrildi.
Artıq bu təzyiqlər türkmənlərə də yönəldi. Belə olan təqdirdə, İraqda yaşayan türkmən xalqının özünü müdafiə etmək və qorumaq instinkti gündəmə gəldi.
Kifayət qədər saya və əraziyə malik olan türkmənlərə qarşı edilən haqsızlıqlara, təbii ki, dövlət tərəfindən təminat verilmədi. Belə bir vəziyyətdə türkmənlərin öz təhlükəsizliyini təmin etmək üçün təşkilatlanması vacib məsələ idi.
Şərait türkmənləri məcbur etdi ki, həm iqtisadi, həm də siyasi hüquqlarını qorumaq üçün bir araya gəlsinlər. Çünki artıq dövlət tərəfindən bu haqların qorunmasına və inkişafına zəmanət verilmir.
Xarici dövlətlər tərəfindən dəstəklənən silahlı terrorçu dəstələr zaman-zaman türkmənlərə də təzyiq edir və bu ərazidə yaşayan insanların sıxışdırılmasına, onların dədə-baba yurdundan didərgin düşməsinə gətirib çıxarırdı".
O, həmçinin qeyd edib ki, belə olan təqdirdə, türkmənlərin özünü müdafiə etmək və öz müqəddəratını təyin etmək hüququ aktuallaşıb.
Politoloq onu da əlavə edib ki, Türkmən xalqı gələcək inkişafı üçün həm iqtisadi, həm də siyasi müstəqilliyini əldə etməlidir ki, özünü inkişaf etdirsin; dilini, tarixini və adət-ənənələrini qorusun, didərgin salınmasın.
"Təbii ki, İraqda ABŞ tərəfindən yaradılmış bu xaosun nəticəsidir ki, bu gün ayrı-ayrı xalqlar öz müqəddəratı uğrunda mübarizə aparır. Bu gün türkmənlər də müstəqil bir quruma çevrilmək və öz talelərini özləri həll etmək üçün addımlar atmalıdırlar. Beynəlxalq ictimaiyyət isə buna biganə qalmamalıdır.
Təbii ki, İraq türkmənlərinə qarşı olan haqsızlıqlara biz də bir Azərbaycan xalqı və Azərbaycan dövləti olaraq biganə qalmamalıyıq. Çünki biz eyni soya malik olan bir xalqıq. İstər insani, istərsə də tarixi soy baxımından orada gedən proseslərə həm beynəlxalq hüquq normaları, həm də insan haqları faktoru çərçivəsində öz mövqeyimizi bildirməliyik.
Hesab edirəm ki, İraqda yaşayan türkmənlər öz müqəddəratını təyin edərək öz gələcəklərini formalaşdırmalıdırlar".
Turqut Ansari
14:27 20.04.2026
Oxunuş sayı: 241