İranla ABŞ arasında "uran tənliyi"
Nüvə diplomatiyasının qaranlıq və labirintli dəhlizlərində İranın zənginləşdirilmiş uran ehtiyatı sadəcə bir kimyəvi element deyil, qlobal geosiyasi şahmat taxtasında ən strateji gedişlərdən biridir. Bu gün rəsmi Tehranın nüvə kartını harada və necə gizlətməsi sualı təkcə Vaşinqtonun kəşfiyyat peyklərini deyil, həm də Pekin, Moskva və Pxenyan kimi güc mərkəzlərini eyni masa ətrafında birləşdirən mürəkkəb bir tənlikdir. Ortada sadə bir "təhvil-təslim" prosesi deyil; böyük dövlətlərin gizli ittifaqları, asimetrik maraqları və regional müharibə riskləri ilə hörülmüş qlobal bir müqavimət xətti var. Dünyanın taleyini dəyişə biləcek bu gərgin oyunda şərtləri diktə edən tərəf kimdir: kəşfiyyat boşluqları ilə üz-üzə qalan Qərb, yoxsa pərdəarxası müttəfiqlərinə güvənərək güzəştə getmək istəməyən İran?
Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlama verib:

"Birincisi, razılaşma olmadan İran uran ehtiyatını harada gizlətdiyini açıqlamayacaq. Çünki ABŞ kəşfiyyatının əlində o qədər də ciddiməlumatlar yoxdur. İkincisi, İranın uranı zənginləşdirməsi təkcə özünün imkanları hesabına həyata keçirilmir. Burada həm də Çin və Şimali Koreya amili var. Bu da ciddi məsələdir".
O, həmçinin söyləyib ki, İranın zənginləşdirilmiş uranım təhvil verməsi inandırıcı deyil: "Hətta bu, baş verəcəksə belə, ciddi qarşıdurmalar istisna deyil. Ona görə də bu cür düşünməyin özü belə siyasəti primitivləşdirmək kimi görünür. İran, bəlkə də, könüllü şəkildə zənginləşdirilmiş uranı başqa ölkəyə verə bilər. Amma bu da yaxın gələcək üçün ciddi ehtimal deyil. Çünki Tehran hələ danışıqlara razılıq vermək istəmir".
Turqut Ansari
20:04 08.06.2026
Oxunuş sayı: 56