ABŞ-İran münasibətlərində etimad böhranı – tərəflər niyə razılaşa bilmir?
ABŞ və İran arasında davam edən gərginlik fonunda diplomatik kanallar üzərindən yeni təmas cəhdlərinin edildiyi bildirilir. Məlumata görə, rəsmi Vaşinqton Pakistan və digər vasitəçi ölkələr vasitəsilə Tehrana danışıqlar aparmaq təklifi göndərib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə açıqlama verərək, son danışıqlar mərhələsindən sonra müxtəlif vasitəçilərdən ABŞ-nin dialoqa hazır olduğuna dair mesajlar aldıqlarını qeyd edib.
Bununla yanaşı, İran tərəfi ABŞ ilə birbaşa təmasların baş tutmadığını vurğulayır və təqdim edilən təkliflərə ehtiyatla yanaşır.
Bəqainin sözlərinə görə, Vaşinqtonun münaqişənin həlli üçün irəli sürdüyü 15 bəndlik plan real vəziyyəti əks etdirmir və həddindən artıq tələblər ehtiva edir. Bu isə tərəflər arasında etimadın hələ də zəif olduğunu və danışıqların mürəkkəb mərhələdə davam etdiyini göstərir.
Məsələ ilə bağlı politoloq Elşad Paşasoy Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Əslində, mövcud situasiyada gerçək informasiyanın nədən ibarət olduğunu ayırd etmək o qədər də çətin deyil. Çünki kifayət qədər ciddi informasiya seleksiyası müşahidə olunur. Həm ABŞ və İsrail, həm də İran tərəfindən verilən açıqlamaların nə dərəcədə həqiqəti əks etdirdiyini müəyyənləşdirmək üçün ciddi təhlillərə və diqqətli yanaşmaya ehtiyac yaranır.

Artıq bir aydan çoxdur ki, yalnız İran ilə ABŞ və İsrail arasında faktiki qarşıdurma deyil, eyni zamanda genişmiqyaslı informasiya savaşı da gedir. Dəfələrlə ABŞ rəhbərliyi, konkret olaraq Prezident Tramp, İran tərəfinin danışıqlara hazır olduğunu bəyan etmiş, hətta bu məqsədlə Tehranla müəyyən təmasların olduğu barədə iddialar səsləndirilmişdir. Lakin İran tərəfi bu məlumatları qəti şəkildə təkzib etmişdir.
Bunun əksinə olaraq, bəzi hallarda İran ABŞ-ın vasitəçilər üzərindən danışıqlara maraq göstərdiyini iddia edir. Yəni tərəflər qarşı tərəfi zəif göstərmək məqsədilə onu danışıqlara meyilli olmaqda ittiham edir.
Digər mühüm məqam isə tərəflər arasında ciddi etimadsızlığın mövcudluğudur. Xüsusilə Oman və Cenevrə danışıqlarından sonra qəfil hərbi qarşıdurmanın başlanması İran tərəfdə kəskin reaksiyalara səbəb olmuş və danışıqların mənasız olduğu qənaətini gücləndirmişdir. Eyni zamanda, ABŞ və İsrail də İranı danışıqları pozmaqda ittiham edir.
Mövcud şəraitdə danışıqların başlanması üçün ilk növbədə tərəflərin masa arxasına əyləşməsi tələb olunur ki, bu da hələlik real görünmür. Çünki hərbi əməliyyatların yalnız hərbi obyektlərlə məhdudlaşmadığı aydındır. Mülki obyektlərin, enerji infrastrukturunun və əhali üçün həyati əhəmiyyət daşıyan digər sahələrin hədəfə alınması aqressiyanı daha da artırır və qarşılıqlı etimadın formalaşmasına imkan vermir.
Bundan əlavə, ABŞ tərəfindən irəli sürülən danışıqlar şərtləri – xüsusilə də, müharibənin dayandırılması ilə bağlı 15 maddəlik tələblər – İran üçün qəbuledilməz hesab olunur.
Eyni zamanda, İranın da qarşı tərəfə konkret şərtlər irəli sürməsi göstərir ki, yaxın perspektivdə nə müharibənin dayandırılması, nə də danışıqların başlanması real görünür.
ABŞ daxilində də bu proseslər birmənalı qarşılanmır. Prezident Trampın əvvəlki dövrlərdə hərbi müdaxilələrə tənqidi yanaşmasına baxmayaraq, hazırda İrana qarşı mümkün hərbi iştirak ehtimalları ona ciddi siyasi dividendlər qazandırmır. Təsadüfi deyil ki, ABŞ-da genişmiqyaslı etiraz aksiyaları keçirilir və bu etirazlar davam edir. Xüsusilə də, mümkün quru əməliyyatları ilə bağlı açıqlamalar cəmiyyətdə ciddi narahatlıq doğurur və bunun ağır nəticələrə gətirib çıxara biləcəyi barədə fikirləri gücləndirir. Bu isə daxili siyasi balansı dəyişdirə və demokratların mövqeyini gücləndirə bilər.
Bu mərhələdə Tramp administrasiyası daha çox danışıqlar yolu ilə müəyyən güzəştlər əldə edib, sonradan münaqişədən çıxmağa üstünlük verə bilər. Lakin bu yanaşma bütün tərəflər üçün məqbul deyil.
İsrail rəhbərliyi isə daha sərt və qətiyyətli mövqe sərgiləyir. İranın tam məğlub edilməsi və rejim dəyişikliyi istiqamətində israr nümayiş etdirir. Eyni zamanda, yalnız İranla kifayətlənməyərək onun regiondakı proksi qüvvələrinə qarşı da hərbi əməliyyatlar həyata keçirir.
Livanda aparılan əməliyyatlar, HƏMAS-a qarşı zərbələr və digər istiqamətlərdə aktivlik göstərir ki, İranın həm daxildə, həm də regionda təsir imkanlarının zəiflədilməsi məqsədi güdülür. Bu isə danışıqlar üçün əlavə çətinliklər yaradır.
Rəsmi Tehran isə böyük itkilərə baxmayaraq geri çəkilmək niyyətində deyil. Ölkə daxilində strateji obyektlərin və infrastrukturun zərər görməsinə baxmayaraq, İran kompensasiya və təhlükəsizlik təminatları tələb edir ki, bu da qarşı tərəfindən qəbul olunmur.
Bununla yanaşı, mübarizə yalnız hərbi müstəvidə deyil, həm də geosiyasi və enerji nəzarəti müstəvisində gedir. Xüsusilə, Körfəz üzərində nəzarət məsələsi tərəflər arasında ciddi ziddiyyət yaradır. ABŞ İranın bu region üzərində dominant mövqeyini qəbul etmir, İran isə öz mövqeyində israrlıdır.
ABŞ-ın mümkün quru əməliyyatları isə olduqca riskli hesab olunur. Belə bir ssenaridə ciddi itkilərin baş verməsi ehtimalı yüksəkdir.
Xüsusilə, strateji ərazilərin ələ keçirilməsi cəhdləri İran tərəfindən sərt müqavimətlə qarşılanaraq ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, ABŞ daha çox hava zərbələri və məhdud əməliyyatlarla nəticə əldə etməyə çalışır.
Digər tərəfdən, İranın geniş səfərbərlik imkanları, o cümlədən böyük insan resurslarına malik olması quru əməliyyatlarını qarşı tərəf üçün daha da riskli edir. Bu səbəbdən belə bir ssenari bir çox ekspertlər tərəfindən son dərəcə təhlükəli hesab olunur.
Hazırkı mərhələdə proseslər qeyri-müəyyən və gərgin olaraq qalır. Həm informasiya müharibəsi, həm də hərbi əməliyyatlar paralel şəkildə davam edir və danışıqlar üçün real zəmin hələ formalaşmayıb. Körfəz ölkələri də getdikcə daha sərt mövqe nümayiş etdirməyə başlayır.
Bununla yanaşı, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrin vasitəçilik təşəbbüsləri müəyyən ümidlər yaratsa da, İran hələlik bu proseslərdə aktiv iştirak etmək niyyətində görünmür.
Yaxın günlərdə – xüsusilə növbəti bir həftə və ya on gün ərzində – hadisələrin inkişafı müəyyən aydınlıq yarada bilər: ya danışıqlar üçün müəyyən imkanlar formalaşacaq, ya da həm informasiya savaşı, həm də hərbi qarşıdurma daha da dərinləşəcək. Lakin hazırkı vəziyyət onu göstərir ki, münaqişənin qısa müddətdə dayandırılması üçün zəruri şərtlər hələ mövcud deyil".
Elmir Heydərli
11:17 02.04.2026
Oxunuş sayı: 185