Atəşkəs yetərli deyil: BƏƏ İranla sülh üçün yeni qaydalar təklif edir
Fars körfəzi regionunda artan gərginlik yeni siyasi yanaşmaların formalaşmasına səbəb olub. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən irəli sürülən təşəbbüslər göstərir ki, artıq sadəcə atəşkəs deyil, daha dərin və uzunmüddətli təhlükəsizlik mexanizmlərinə ehtiyac yaranıb. Bu kontekstdə rəsmi Əbu-Dabi İran ilə mümkün sülh razılaşmasının yalnız hüquqi zəmanətlər, təcavüzün qarşısının alınması və vurulmuş ziyanın kompensasiyası şərtilə mümkün olacağını vurğulayır. Beləliklə, Körfəzdə yeni “sülh formulu” regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən edə biləcək mühüm siyasi mərhələ kimi qiymətləndirilir.
Bu barədə Crossmedia.az-a danışan Yaxın Şərq üzrə ekspert, Əməkdar jurnalist Vüqar Zifəroğlu bildirib ki, BƏƏ Prezidentinin diplomatik müşavirinin səsləndirdiyi bu mövqe əslində regionda yaranmış yeni təhlükəsizlik reallığının açıq ifadəsidir.
Ekspertin sözlərinə görə, hazırkı mərhələdə BƏƏ artıq yalnız atəşkəs və ya müvəqqəti sakitliklə kifayətlənmək istəmir: “Onların əsas məqsədi gələcəkdə oxşar hücumların qarşısını almaq üçün hüquqi və institusional çərçivə yaratmaqdır. Yəni məsələ təkcə müharibəni dayandırmaq deyil, həm də onun təkrar baş vermə ehtimalını minimuma endirməkdir. Bu baxımdan "İranın hücum etməmək barədə hüquqi zəmanət verməsi" tələbi preventiv təhlükəsizlik yanaşmasının tərkib hissəsidir”.

V.Zifəroğlu vurğulayıb ki, mülki infrastruktura dəyən ziyanın ödənilməsi məsələsi də təsadüfi deyil: “Son hadisələr göstərdi ki, münaqişə artıq klassik hərbi hədəflərlə məhdudlaşmır, enerji obyektləri, su sistemləri və digər mülki sahələr də zərbə altına düşür. BƏƏ bu məsələni qabartmaqla həm beynəlxalq hüquqa istinad edir, həm də İran üzərində siyasi və mənəvi təzyiq formalaşdırmağa çalışır”.
Ekspert əlavə edib ki, BƏƏ-nin bu mövqeyi eyni zamanda daha geniş regional kontekstdə başa düşülməlidir: “Körfəz ölkələri getdikcə daha çox ortaq təhlükəsizlik yanaşması formalaşdırır və İranın davranışlarını bu sistem daxilində məhdudlaşdırmaq istəyirlər. Bu, həm də ABŞ və Qərb ölkələrinin İranla bağlı siyasəti ilə müəyyən dərəcədə üst-üstə düşür və gələcəkdə koordinasiyalı təzyiq mexanizmlərinin güclənə biləcəyini göstərir”.
İranın bu şərtləri qəbul edib-etməyəcəyinə gəldikdə isə, ekspert qeyd edib ki, burada vəziyyət daha mürəkkəbdir: “İran prinsip etibarilə öz hərbi və regional təsir imkanlarını məhdudlaşdıracaq hüquqi öhdəliklərdən yayınmağa çalışır. ‘Hücum etməmək’ barədə sərt və bağlayıcı zəmanət vermək Tehran üçün strateji manevr imkanlarının azalması deməkdir. Bu səbəbdən belə bir tələbin tam şəkildə qəbul olunması ehtimalı aşağıdır”.
Sonda ekspert əlavə edib ki, kompensasiya məsələsi müəyyən şərtlərlə danışıqlar predmetinə çevrilə bilər: “İran da öz növbəsində zərər gördüyünü iddia edir və qarşılıqlı kompensasiya və ya güzəştlər formatında kompromis axtara bilər”.
Mehriban Yariyeva
13:40 31.03.2026
Oxunuş sayı: 51