ABŞ İranda Venesuela ssenarisini təkrarlayır?
ABŞ prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi son açıqlamalar beynəlxalq münasibətlər sistemində yeni müzakirələrə yol açıb. Trampın İran rəhbərliyinin ABŞ ilə razılaşma əldə etmək istədiyini bildirməsi, lakin bunun üçün hələ hazır olmadıqlarını vurğulaması Vaşinqton–Tehran xəttində davam edən gərginliyin diplomatik fonunu aydın şəkildə ortaya qoyur. Bununla yanaşı, onun hərbi əməliyyatlar zamanı müəyyən strateji obyektlərin qəsdən hədəf alınmadığını qeyd etməsi, ABŞ siyasətində seçici və hesablanmış yanaşmanın mövcudluğunu göstərir.
Digər tərəfdən, xüsusilə Xarq adası ilə bağlı səsləndirilən iddialar və bu ərazinin infrastrukturunun hədəfə alınması məsələsi diqqət mərkəzindədir. Ekspertlər hesab edirlər ki, belə addımlar təkcə hərbi-strateji deyil, həm də enerji resurslarına nəzarət kontekstində qiymətləndirilməlidir. Bu baxımdan, ABŞ-nin mümkün növbəti addımları, o cümlədən quru əməliyyatları ehtimalı regionda geosiyasi balansın dəyişməsi riskini daha da artırır.

Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Trampın belə bir planının olması mümkündür. Lakin bu, həmin planın mütləq şəkildə uğur qazanacağı anlamına gəlmir. Çünki ABŞ-nin əsas geosiyasi strategiyası enerji mənbələrinin və ticarət yollarının mümkün qədər öz nəzarəti altında saxlanmasına yönəlib. Bu baxımdan, ABŞ Venesuela neftinin hasilatı və satışının birbaşa öz icazəsi ilə həyata keçirilməsini istədiyi kimi, eyni ssenarinin İranda da tətbiq olunmasını arzulayır. Məlumdur ki, İran neftinin təxminən 90–95 faizi Hörmüz boğazı vasitəsilə Hindistan və Çinə ixrac olunur. Bu boğaz üzərində nəzarətin təmin edilməsi isə ABŞ üçün əsas geosiyasi hədəflərdən biridir. Yeni geosiyasi şəraitdə ABŞ-nin məqsədi, Venesuelada olduğu kimi, İran nefti üzərində dolayı nəzarət əldə etməkdir. Bu, fiziki işğal formasında deyil, daha çox siyasi təsir vasitəsilə — yəni İranda ABŞ-a daha loyal hakimiyyətin formalaşdırılması yolu ilə mümkün hesab olunur. Belə bir vəziyyətdə İran neftinin ABŞ-nin razılığı və nəzarəti altında satılması təmin edilərsə, bu, dolayısı ilə Çin kimi qlobal güc üzərində təsir mexanizmi yarada bilər. Lakin yalnız Venesuela neftinin Asiya bazarlarına yönləndirilməsi ilə bu planın reallaşması mümkün deyil. Çünki regiondakı əsas strateji məsələ məhz Hörmüz boğazı üzərində kimin nəzarətə malik olmasıdır. Hətta ehtimal olunur ki, İranın əsas neft ixrac infrastrukturu yerləşən Xark adası da potensial hədəf ola bilər. İran neftinin böyük hissəsi məhz bu terminal vasitəsilə tankerlərə yüklənərək dünya bazarlarına çıxarılır. Qeyd etmək lazımdır ki, Hörmüz boğazı yalnız enerji marşrutu deyil, eyni zamanda qlobal ticarətin əsas arteriyalarından biridir. Buradan gündəlik milyonlarla barel neft və qazla yanaşı müxtəlif mallar daşınır və bu marşrut dünya neft ticarətinin təxminən 20–25 faizini təmin edir. Bu səbəbdən yaranan qlobal böhran təkcə enerji sektoru ilə məhdudlaşmır, daha geniş iqtisadi və ticarət sisteminə təsir edir. Nəticə etibarilə, Venesuela neftinin Asiya istiqamətinə yönləndirilməsi qısamüddətli qiymət enişlərinə səbəb ola bilsə də, bu addım bütövlükdə qlobal böhranı aradan qaldırmaq gücündə deyil".
Elmir Heydərli
16:26 19.03.2026
Oxunuş sayı: 52