Hörmüz boğazında gərginlik: Ölkələr İranla “təhlükəsiz keçid” üçün danışıqlar aparır
Beynəlxalq dəniz analitika şirkəti Lloyd's List Intelligence tərəfindən yayımlanan hesabatda bildirilir ki, bir sıra ölkələr gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək üçün İran ilə danışıqlara başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan, İraq, Çin, Malayziya və Pakistan kimi ölkələr gəmilərinin Hörmüz boğazı üzərindən təhlükəsiz keçidini təmin etmək məqsədilə Tehranla koordinasiya aparır.
Hesabatda qeyd olunur ki, artıq bəzi gəmilər İranın təklif etdiyi xüsusi “təhlükəsiz dəhliz” vasitəsilə boğazı keçib. Bu marşrut Lərak adası üzərindən keçir və burada gəmilərin vizual təsdiqi həyata keçirilir.
Bildirilir ki, proses İran İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri və liman rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. İlkin məlumatlara əsasən, bu dəhliz vasitəsilə artıq ən azı doqquz gəmi təhlükəsiz şəkildə boğazdan çıxış edib.
Ekspertlər qeyd edir ki, regionda artan gərginlik fonunda bu cür mexanizmlər beynəlxalq ticarət və enerji daşımalarının davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.
11:00 19.03.2026
Oxunuş sayı: 1396