“NAZA” filmi Venesiya festivalında rekord miqyasda alqışlanıb
İsrailin Qəzzada süni intellektdən istifadə ilə həyata keçirilən kütləvi qətlləri araşdıran “NAZA” sənədli filmi Venesiya Film Festivalında 25 dəqiqəlik ayaqüstü alqışlarla qarşılanıb.
Crossmedia.az xəbər verir ki, CNN bu barədə məlumat yayıb.
Sentyabrın 10-da nümayiş etdirilən film festival tarixində ən uzun ayaqüstü alqışlardan birinə səbəb olub. Tamaşaçılar filmi alqışlayıb və Fələstin bayraqları qaldırıblar.
Filmin rejissorları israilli jurnalistlər Yuval Abraham və Rachel Szordur. “NAZA” adı İsrail ordusunda hücum zamanı əvvəlcədən hesablanmış və icazə verilən mülki itkiləri ifadə edən hərbi termindən götürülüb.
Tel-Əvivdə gecə saatlarında çəkilən sənədli film Qəzzada fələstinli mülki şəxslərin kütləvi şəkildə öldürülməsinin arxasında dayanan sistemləri araşdırır.
Filmdə İsrail kəşfiyyatının keçmiş əməkdaşlarının müsahibələrinə də yer verilir. Onların sözlərinə görə, süni intellektlə dəstəklənən hədəfləmə sistemləri minlərlə sındırılmış mobil telefondan əldə edilən məlumatlardan istifadə etməklə fələstinliləri hədəf kimi müəyyənləşdirib.
“NAZA” Venesiya Film Festivalının əsas mükafatı olan “Qızıl şir” uğrunda mübarizə aparır. Mükafatın sentyabrın 12-də təqdim edilməsi planlaşdırılır.
14:29 11.09.2026
Oxunuş sayı: 49