"Şəki Yayla"sı faciəsi: iki gəncin ölüm məsuliyyətinin ört basdır cəhdi
Sentyabrın 8-də Şəki rayonunun Baş Küngüt kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində zipline əyləncəsindən istifadə edən 27 yaşlı Ucal Bayramov və 31 yaşlı Coşqun Məmmədzadə hündürlükdən yerə düşərək hadisə yerində vəfat ediblər. Baş Prokurorluğun rəsmi açıqlamasına görə, ilkin araşdırma nəticəsində kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb, əsas mexaniki qurğu kanatdan çıxıb, əlavə təhlükəsizlik avadanlığı isə zədələnib. Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) ilə cinayət işi başlanıb, məhkəmə-tibbi və texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.
Bu faciədən sonra istirahət mərkəzinin yayımladığı video isə insanı dəhşətə gətirir. Heç kim açıq şəkildə məsuliyyəti boynuna götürmür, ailəyə kompensasiya vəd etmir. Əvəzində naməlum şəxs trosların “İtaliya məhsulu” olduğunu, keyfiyyətindən şübhə edilmədiyini, “ölkə olaraq bu tip atraksiyonlara yeni başladığımızı” deyir. “Ölkə olaraq” ifadəsi özü-özlüyündə məsuliyyətdən qaçmaq cəhdidir. Bu işə başlayan sizsiniz, riski siz götürmüsünüz, pulu siz yığmısınız. Hündürlükdə insanları tros və mexaniki qurğuya bağlayıb bir təpədən digərinə keçirmək – bu, “yeni başlayan” əyləncə deyil, həyat-ölüm məsələsidir. Məsuliyyəti dərk etmədən, texniki baxışları, mütəmadi yoxlamaları və real sığortanı təmin etmədən belə işə başlamaq cinayətə bərabərdir.
Mərkəz sığorta sənədi imzalandığını iddia edir. Lakin hadisədən sonra yüzlərlə vətəndaş açıq şəkildə bildirir ki, heç bir sığorta sənədi görməyib, imzalamayıb. Rəsmi istintaq hələ bu məsələni dəqiqləşdirməlidir, amma vətəndaşların kütləvi etirazı artıq ciddi sual yaradır: sığorta formal kağız idimi, yoxsa ümumiyyətlə mövcud deyildi?
Daha da ağır olan isə mərkəzin “hadisədən sonra təhlükəsizlik tədbirlərini artıracağıq” deməsidir. Əgər artırmaq mümkün idisə, niyə iki gəncin canı qurban getməli idi? Təpənin başında trosları videoya çəkib “bütün təhlükəsizlik tədbirlərinə əməl olunur” demək, prokurorluğun ilkin rəsmi nəticəsini – metal konstruksiyanın deformasiyasını, mexaniki qurğunun çıxmasını və təhlükəsizlik avadanlığının zədələnməsini – açıq-aşkar inkar etməkdir.
Belə ekstremal atraksiyonlar üçün ciddi sertifikatlaşdırma, müstəqil texniki ekspertiza və real sığorta tələbləri olmalıdır. Bunlar olmadan hər yeni “yayla” növbəti faciəyə zəmin hazırlayır.
İki gənc həyatını itirib. Onların ailələri sonsuz ağrı içindədir. Bu hadisə ört-basdır edilməməlidir, “külək oldu”, “təşviş yaranıb”, “İtaliya malı idi” kimi bəhanələrlə yüngülləşdirilməməlidir. Məsul şəxslər qanun qarşısında cavab verməlidir. Əks təqdirdə sabah başqa bir “yayla”da eyni faciə təkrarlanacaq. Bu dəfə isə günahkar yalnız iki gəncin ölümü deyil, bütün cəmiyyətin laqeydliyi olacaq.
12:25 11.09.2026
Oxunuş sayı: 76